AZ

Höteborq polisi: Getdikcə daha çox uşaq cinayətkarlığa cəlb olunur

Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Höteborqun Biskupsqorden rayonunda yaşayan yeniyetmələrin cinayət şəbəkələrinə cəlb olunma ehtimalı sürətlə artır.

AZƏRTAC xəbər verir ki, hazırda polis əməkdaşlarının tətbiq etdiyi “silindrik model”də 226 nəfərin adı qeyd olunub. Bu göstərici bir il əvvəlkindən 10 faiz çoxdur. Xüsusilə narahatlıq doğuran məqam isə risk qrupuna daxil olan bəzi uşaqların cəmi 7–8 yaşında olmasıdır.

Yerli polisin məlumatına görə, müxtəlif layihələr və profilaktik tədbirlərə baxmayaraq, gənclərin kriminal mühitə axını səngimir. Rayonun cinayətkar qruplaşmaları arasında uzun illərdir davam edən münaqişə artıq dayanıqlı cinayət infrastrukturunun formalaşmasına gətirib çıxarıb və gənclərin bu mühitə cəlb olunması daha da sürətlənib.

Vəziyyəti çətinləşdirən yeni tendensiyalardan biri “crime-as-a-service” adlanan modeldir. Bu halda cinayət törətmək üçün yerli qruplaşmalarla heç bir əlaqəsi olmayan icraçılar daha tez-tez cəlb olunur. Sentyabr ayında baş vermiş və cinayət aləmi ilə heç bir əlaqəsi olmayan 20 yaşlı gəncin iştirakı ilə törədilən qətl bu meylin bariz nümunəsidir.

Bununla yanaşı, icraçılar arasında kənardan gələnlər olsa da, münaqişə əsasən lokal xarakter daşıyır. Yeniyetmələr bəzən hətta məktəb yolunda belə cinayətkar şəbəkələrin təsiri altına düşürlər. Polis və sosial xidmətlər əməkdaşlığı gücləndirib. Belə ki, yaz aylarında baş verən ikiqat qətldən sonra aparılan istintaq nəticəsində cinayətkarlığa cəlb olunmağa az qalmış 70 uşaq müəyyən edilib və ailələrlə fərdi görüşlər keçirilib. Mütəşəkkil cinayətkarlıqla əlaqəsi ola biləcək uşaqlar və yeniyetmələrlə işləmək üçün nəzərdə tutulan yeni “Bob-råd” xidməti də istifadəyə verilib. Hazırda 30–40 uşaq bu xidmətin nəzarəti altındadır.

Narahatlıq doğuran digər məqam uşaqların sosial şəbəkələrdəki aktivliyidir. Polis yaxınlarda “Snapchat”da azyaşlılarla yanaşı, məhkum olunmuş qatillərin də iştirak etdiyi bir qrup aşkar edib. Valideynlərə uşaqların üzləşdiyi rəqəmsal mühit göstərilib ki, bu da ciddi reaksiyaya səbəb olub və ailələrlə əməkdaşlığın güclənməsinə gətirib çıxarıb.

Gənc icraçıların mütəmadi olaraq saxlanılmasına baxmayaraq, kriminal sifarişləri yerinə yetirmək istəyənlərin axını hələ də böyükdür. Bu səbəbdən polis artıq 4-cü sinifdən başlayaraq məktəblərdə daha geniş profilaktik söhbətlər aparmağa məcbur qalıb.

Seçilən
118
1
azertag.az

2Mənbələr