AZ

Axios: Tramp Qazada sülh planının ikinci mərhələsini dekabrın sonunadək elan edəcək...

Yeni mərhələ İsrail qoşunlarının çıxarılmasını, beynəlxalq qüvvələrin yerləşdirilməsini və “Sülh Şurası”nın yaradılmasını nəzərdə tutur...

ABŞ prezidenti Donald Tramp katolik Miladınadək, 25 dekabr tarixinədək Qaza sektorunda sülh prosesinin ikinci mərhələsinə keçidi elan etməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Axios mənbələrə istinadla məlumat yayıb.

Portalın yazdığına görə, ikinci mərhələnin əsas elementi İsrail ordusunun Qazadan mərhələli şəkildə çıxarılması, bölgəyə beynəlxalq stabilləşdirmə qüvvələrinin (İSF) göndərilməsi və yeni idarəetmə strukturu, “Sülh Şurası”nın yaradılması olacaq. Bu şuraya Donald Trampın rəhbərliyi altında təxminən 10 ərəb və Qərb ölkəsinin liderləri daxil olacaq.

Məlumata əsasən, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler, eləcə də ABŞ prezidentinin müşavirləri Stiv Uitkoff və Cared Kuşner bu şuranın icraedici orqanında təmsil olunacaqlar. Həmin orqan Fələstinin texnokrat hökuməti ilə işin koordinasiyasına cavabdeh olacaq.

Eyni zamanda, ABŞ vasitəçiliyi ilə “Həmas” hərəkatı ilə danışıqlar davam edir. Söhbət təşkilatın hakimiyyətdən imtinaya razılıq verməsi müqabilində İsrail qoşunlarının sektorun ərazisindən çıxarılmasından gedir. Axios-un məlumatına görə, İndoneziya, Azərbaycan, Misir və Türkiyə İSF tərkibinə öz hərbi kontingentlərini göndərməyə hazırdır.

İsrailin baş naziri Binyamin Netanyahunun da dekabrın sonunadək Donald Tramp ilə görüşərək planın detalları barədə müzakirə aparmağı planlaşdırdığı bildirilir. Analitiklər qeyd edirlər ki, ikinci mərhələnin işə düşməsi bölgədə siyasi və hərbi dinamikanı əsaslı şəkildə dəyişə bilər.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr