AZ

Donald Trampa sülh mükafatı futbol həm də siyasətdir

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Bu gün 2026-cı ildə təşkil ediləcək futbol üzrə dünya çempionatının püşkatması keçiriləcək.

Reyting.az xəbər verir ki, sayca 23-cü olacaq mundial gələn ilin iyun-iyul aylarında baş tutacaq. Bu turnir həm formatına, həm də coğrafiyasına görə indiyədək görünməmiş yeniliklərlə yadda qalacaq.

2026-cı il dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək ki, daha əvvəl həmin say 32-yə bərabər idi. FIFA-nın fikrincə, bu genişlənmə həm rəqabəti artıracaq, həm də bir çox ölkələrə dünya futbol səhnəsinə çıxmaq imkanı yaradacaq. Özbəkistan, İordaniya, Kabо Verde və Kürasao kimi komandalar mundialda ilk dəfə çıxış edəcəklər. Xüsusilə bu siyahıda Kürasaonun da olması diqqət çəkir: o, mundiala qatılacaq ən kiçik əraziyə və ən az əhaliyə malik ölkə olacaq.

Tarixdə ilk dəfə dünya çempionatı eyni zamanda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Üstəlik, Meksika mötəbər yarışa artıq üçüncü dəfə ev sahibliyi edəcək (daha əvvəl 1970 və 1986-cı illərdə). Kanadada isə mundial ilk dəfə təşkil olunacaq.

Oyunlar 16 şəhərdə, o cümlədən ABŞ-nın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində baş tutacaq.

Mundial ərzində ümumilikdə 104 matç keçiriləcək ki, onlardan da 78-i ABŞ-da olacaq. Meksika və Kanada isə hərəyə 13 oyuna ev sahibliyi edəcəklər. Mundial arenaları arasında yalnız birində daha əvvəl dünya çempionatı oyunları keçirilib (1970, 1986): söhbət Mexikonun əfsanəvi “Astekа” stadionundan gedir. Maraqlıdır ki, ABŞ-da keçirilmiş 1994-cü il mundialının arenalarından heç biri bu dəfə istifadə olunmayacaq.

Genişlənmiş turnir yeni formatla gəlir: artıq 12 qrup olacaq və hər birində 4 komanda mübarizə aparacaq. Pley-offa qrup liderləri və ikincilərlə yanaşı həm də üçüncü yeri tutmuş ən yaxşı səkkiz komanda çıxacaq. Nəticədə turnirə daha bir mərhələ - 1/16 final əlavə edilib.

Beləliklə, qrupların tərkibini müəyyənləşdirəcək tədbir bu gün Bakı vaxtı ilə 19:00-da Vaşinqtonda başlayacaq. Qeyd edək ki, göstərilən saatda geniş proqramın nəzərdə tutulduğu mərasim start götürəcək, püşkün atılması isə bir qədər sonra olacaq.

Hələ ki, 42 komanda mundiala vəsiqəni rəsmiləşdirib, daha 6 iştirakçı isə 2026-cı ilin martında keçiriləcək pley-offlardan sonra müəyyənləşəcək. Komandalar FIFA-nın noyabr reytinqinə əsasən dörd səbətə bölünüblər. Birinci səbətdə üç ev sahibi ölkə - Kanada, Meksika və ABŞ avtomatik yer alıblar.

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya, Ekvador, Avstriya, Avstraliya.

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d'İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.

4-cü səbət: İordaniya, Kabo Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, Avropa pley-off A yolu (İtaliya/Şimali İrlandiya/Uels/Bosniya və Herseqovina), Avropa pley-off B yolu (Ukrayna/İsveç/Polşa/Albaniya), Avropa pley-off C yolu (Türkiyə/Rumıniya/Slovakiya/Kosovo), Avropa pley-off D yolu (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya), Qitələrarası pley-off 1-ci yol (Yeni Kaledoniya/Yamayka/Konqo DR), Qitələrarası pley-off 2-ci yol (Boliviya/Surinam/İraq).

Yeri gəlmişkən, püşkatma mərasimi ilə bağlı daha bir xəbər diqqəti çəkir. Nobel Sülh Mükafatı venesuelalı aktivist Mariya Korina Maçadoya təqdim edildikdən sonra özünün Sülh Mükafatını təsis edən FIFA-nın tədbir zamanı onu ABŞ prezidenti Donald Trampa verəcəyi gözlənilir.

R. MÖVSÜMOV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
reyting.az

1Mənbələr