AZ

“Kontakt Home”dən mebel alan vətəndaş niyə şikayətçidir?

Vətəndaş Ruhani Məmmədova AzPost-un qaynar xəttinə müraciət edərək Mingəçevirdə yerləşən “Kontakt Home” mağazasından aldığı yataq mebeli ilə bağlı ciddi narazılıq etdiyini bildirib.

Onun sözlərinə görə, mebel 26 noyabr tarixində sifariş olunub və həmin gün mağazanın quraşdırıcıları tərəfindən evə gətirilib. Lakin quraşdırma tam yerinə yetirilmədən işçilər mənzili tərk ediblər. Şikayətçi qeyd edir ki, bu müddətdən bəri mebel yarımçıq vəziyyətdə qalıb.

Ruhani Məmmədova iddia edir ki, problem barədə mağazanın qaynar xəttinə hər gün bir neçə dəfə müraciət etməsinə baxmayaraq, yalnız eyni məzmunda hazır cavablar alır. Onun sözlərinə görə, əməkdaşlar məsələni həll etmək əvəzinə, sadəcə “məsələ qeydə alınıb” tipli cavablarla kifayətlənirlər.

Vətəndaş bildirib ki, rəhbərliklə danışmaq istədikdə ona rəhbərliyin nömrəsinin verilə bilməyəcəyi deyilib. Məlumata görə, mağaza əməkdaşları “əlaqə nömrəsini versək, bizi işdən çıxararlar” kimi ifadələrlə şikayəti yönləndirməkdən yayınırlar.

Şikayətçi aldığı mebelin yüksək qiymətə satıldığını, lakin xidmətin bu qiymətə uyğun olmadığını vurğulayır: “Məhsulu bahalı qiymətə almışam, amma quraşdırma işi yarımçıq buraxılıb. Tək istəyim odur ki, gəlib mebeli tamamlayaq”.

Hazırda mağazadan məsələ ilə bağlı açıqlama verilməyib. Vətəndaş ümid edir ki, şikayəti qısa müddətdə araşdırılacaq və quraşdırma işi tam şəkildə yerinə yetiriləcək.

AzPost.az

Seçilən
79
azpost.info

1Mənbələr