AZ

Türkiyəli politoloq: Ermənistanda sürətlə avtoritarlaşan siyasi sistem regional sabitliyə qaranlıq bir mənzərə yaradır

Bakı, 5 dekabr, Elmir Səftərov, AZƏRTAC

Cənubi Qafqazda sülhün ən çox müzakirə edildiyi bir dövrdə Ermənistanın daxildə sürətlə avtoritarlaşan siyasi sistem regional sabitliyə dair bütün nikbinliyi kölgəyə salan qaranlıq bir mənzərə yaradır. Ermənistanda müxalifətin tamamilə susdurulduğu, liderlərin və aktivistlərin əsassız şəkildə həbs olunduğu, media qurumlarının iqtisadi və hüquqi basqılarla fəaliyyət göstərməz vəziyyətə gətirildiyi, jurnalistlərin qorxu altına alındığı bir ölkə profili formalaşır. Buna bir də kilsə və dini qurumlara qarşı tətbiq edilən yeni təzyiq mexanizmləri əlavə olunanda Ermənistanın daxilində baş verən bu proseslər artıq təkcə daxili hüquq məsələsi olmaqdan çıxır, Qafqaz geosiyasətinin mərkəzinə çevrilir.

Qərbin və Avropa İttifaqının (Aİ) bu mənzərə qarşısındakı “seçici sükutu” isə regionun təhlükəsizlik balansı baxımından daha da diqqət çəkicidir - bir tərəfdə demokratiya və insan hüquqları ilə bağlı iddialar, digər tərəfdə isə İrəvanın strateji mövqeyi üzərindən formalaşdırılan praqmatik münasibətlər. Bu ikilik Ermənistan hakimiyyətinin daxildə tətbiq etdiyi avtoritar üsullara demək olar ki, örtülü şəkildə təşviq yaradır. Qərbin görməzlikdən gəldiyi hər bir siyasi həbs, hər media təzyiqi, hər dini azadlıq pozuntusu bölgədə yeni gərginlik toxumları səpir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, Ermənistanın daxili siyasətdə yaşadığı bu qeyri-sabitlik, xaricə həmişə iki ehtimalla əks olunur. Ya sülh cəhdlərində etibarlılıq itkisi, ya da daxildəki basqını ört-basdır etmək üçün xarici gərginlik yaratmaq meyli. Buna görə də bu gün İrəvanda atılan hər addım Bakı üçün, sadəcə, müşahidə mövzusu deyil, regionun sülh, nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və təhlükəsizlik arxitekturası baxımından birbaşa strateji məsələdir. Xüsusilə 2026-ya doğru irəlilədikcə Ermənistanda avtoritar sərtləşmənin dərinləşməsi halında sülh proseslərinin yavaşlaması, sərhəd tənzimləmələrində qeyri-müəyyənliklər və təxribat cəhdlərinin artması ehtimalı gözardı edilə bilməz.

Lakin bu mənzərə yalnız risklərlə məhdudlaşmır. Azərbaycanın qətiyyətli, rasional və regional inkişafı önə çəkən diplomatik xətti, bu kimi daxili siyasi dalğalanmaların yaratdığı boşluqları doğru idarə etmək imkanına malikdir.

"Bu gün Ermənistanda demokratik məkanın daraldılması, əslində, ölkənin gələcəyini daxildə sıxışdıran bir “tıxanma” yaradıb. Belə dövrlərdə iqtisadi inteqrasiya layihələri, regional əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan təşəbbüslər Ermənistan cəmiyyəti üçün daha görünən, daha cəlbedici və daha təcili olur. Buna görə də Azərbaycanın sabitliyə əsaslanan yanaşması, bütün potensial gərginlik ocaqlarına rəğmən, region xalqları üçün uzunmüddətli və sağlam bir seçim təqdim edir.

Nəticədə Ermənistanın daxildə avtoritar istiqamətə sürüklənməsi, Cənubi Qafqazın gələcəyini müəyyən edəcək əsas bir qırılma xətti kimi qarşımızda dayanır. Bu gün susdurulan hər müxalif, bağlanan hər media platforması, məhdudlaşdırılan hər söz azadlığı təkcə Ermənistan demokratiyasına yox, regionun kollektiv təhlükəsizliyinə də zərər vurur. Cənubi Qafqazın taleyi, daxili siyasi hesabların dar çərçivəsinə sığmayacaq qədər böyük və tarixi məsuliyyət daşıyır",- deyə N.T.Aktay vurğulayıb.

Politoloq əlavə edib ki, 2026-ya doğru irəliləyərkən Azərbaycanın sülhü, iqtisadi inteqrasiyanı və regional sabitliyi mərkəzə alan vizyonu bu məsuliyyətin ən rasional və ən dayanıqlı cavabıdır. Ermənistanın avtoritarlaşması isə bu vizyonun qarşısında bir maneə deyil, əksinə, regionun real ehtiyaclarını daha da görünən edən bir xatırlatmadır.

Seçilən
27
azertag.az

1Mənbələr