AZ

Yurdsuz qoyulan yaddaş: Qərbi Azərbaycandan sonuncu deportasiya

[/b]

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

5 dekabr 1988-ci il Azərbaycan xalqının tarixində XX əsrin sonuncu böyük faciəsi olan 1987-1991-ci illər soydaşlarımızın tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiyasının ən kəskin və sonuncu mərhələsini simvolizə edir. Bu, yüz minlərlə azərbaycanlının öz əzəli-əbədi torpaqlarından, ata-baba yurdlarından zorla qovulduğu tarix, insanlığa qarşı yönəlmiş etnik təmizləmə aktının kulminasiya nöqtələrindən biri idi. [b]Azərbaycanlılar XX əsrdə dəfələrlə Qərbi Azərbaycandan kütləvi şəkildə qovulmuşlar: 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1987-1991-ci illər. Sonuncu deportasiya sovet imperiyasının dağılması ərəfəsində, Moskvanın laqeydliyi və Ermənistan millətçilərinin aqressiyası fonunda baş verdi.



Bu faciənin əsas səbəbi Ermənistan SSR-də başlayan və "Miatsum" (birləşmə) adlanan millətçi və terrorçu erməni-daşnak hərəkatı idi. Məqsəd Azərbaycan Respublikasının suveren ərazilərinin bir parçası olan keçmiş Dağlıq Qarabağ ərazisini Ermənistana birləşdirmək və bu məqsədin həyata keçirilməsi yolunda "maneə" hesab edilən azərbaycanlı əhalinin ölkə ərazisindən tamamilə çıxarılması idi.

1988-ci ilin fevral ayından etibarən Ermənistanın paytaxtı İrəvanda və digər şəhərlərində anti-Azərbaycan mitinqləri dalğası start götürdü. 1988-ci ilin yayından başlayaraq azərbaycanlıların yaşadıqları kəndlər mühasirəyə alınır, evləri qarət edilir və yandırılır, dinc sakinlərə qarşı qətllər və işgəncələr həyata keçirilirdi. SSRİ rəhbərliyi, xüsusilə Mixail Qorbaçovun başçılıq etdiyi mərkəzi hökumət bu etnik təmizləmə prosesinə ya göz yumdu, ya da dolayı yolla şərait yaratdı.



Nəticədə 1988-ci ilin payızında Ermənistan SSR-də azərbaycanlı əhalinin yaşayış yerlərindən qovulması mütəşəkkil və amansız bir etnik təmizləmə kampaniyasına çevrildi.
Xatırlatmaq istəyirəm. 1987-ci ilin noyabrından başlamış və bütün 1988-ci il boyu davam etmiş erməni separatizminin özbaşınalığından təngə gələn Azərbaycan xalqı noyabrın 17-də Bakının Azadlıq meydanına toplaşıb, Bakı və Moskva qarşısında bir sıra tələblər irəli sürdü. Həmin tələblərdən biri də Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi, əks təqdirdə Azərbaycanda ermənilər üçün olan muxtariyyətin ləğv edilməsi tələbi idi. Ermənistan televiziyası həmin gün Bakıdakı mitinqdə səsləndirilən bu tələbi dəfələrlə efirə vermişdi. Bu tələbdən qorxuya düşən Ermənistan rəhbərliyi noyabrın 22-də Ali Sovetin təcili sessiyasını çağırdı. Həmin gün sessiyanın gedişi yarımçıq saxlandı, deputatlar, dövlət rəsmiləri məxfi tapşırıqla rayonlara göndərildi və bir gün sonra – noyabrın 24-də bütün Ermənistan ərazisində dövlət rəsmilərinin başçılıq etdiyi erməni polisi və saqqallıları tərəfindən azərbaycanlıların xüsusi qəddarlıqla kütləvi qətlinə və qarətinə başlanıldı.


Ermənistanda 24 noyabrda başladılan bu prosesə Azərbaycanda xalqın etirazına imkan verilməməsi üçün Bakı, Naxçıvan və Gəncə şəhərlərində həmin gün fövqəladə vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.

10 gün ərzində indiki Ermənistanda təxminən 250 mindən çox azərbaycanlının sıx yaşadığı 20-dən artıq rayonun 300-ə yaxın yaşayış məntəqəsi boşaldıldı. 200-dən artıq soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insan yaralandı, evlər, avtomobillər yandırıldı, insanların malı-mülkü qarət edildi.

Moskvanın riyakarlığı bir də onda oldu ki, dekabrın 5-dək bütün bu proseslərə seyrçi qalan Sov. İKP MK və SSRİ Nazirlər Soveti proses yekunlaşandan sonra, dekabrın 6-da “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etdi. Əslində, bu qərar bölgədə sakitlik yaratmaq üçün yox, Ermənistandakı vəhşiliklərin törədə biləcəyi nəticələrdən Azərbaycandakı erməniləri qorumaq üçün idi.
Azərbaycan Respublikası Qərbi Azərbaycandan gələn on minlərlə qaçqın ailəsini qəbul etmək məcburiyyətində qaldı ki, bu da ölkə üçün böyük sosial-iqtisadi yük yaratdı. Deportasiya qurbanları illərlə çətin şəraitdə yaşamaq məcburiyyətində qaldılar və itirilmiş vətən, zorakılıqdan doğan psixoloji travma nəsillərə ötürülən bir yaddaşa çevrildi.

Hazırda Qərbi Azərbaycan İcması və Azərbaycan dövləti beynəlxalq hüquq normalarına əsaslanaraq, deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına – Ermənistan ərazisinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun bərpası uğrunda ardıcıl mübarizə aparır. Azərbaycan rəhbərliyi 1987-1991-ci illərdə baş vermiş hadisələrin siyasi və hüquqi baxımdan etnik təmizləmə və insanlığa qarşı cinayət kimi tanınması üçün dünya ictimaiyyətinə müraciətlərini davam etdirir. 5 dekabr 1988-ci il tarixinin simvolizə etdiyi sonuncu deportasiya dalğası Qərbi Azərbaycandakı azərbaycanlı varlığına son qoymaq məqsədi daşıyırdı. Lakin bu faciə, Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmışdır. Tarixi reallıqların tanınması və deportasiya qurbanlarının geri qayıtmaq hüququnun təmin edilməsi bölgədə uzunmüddətli sülh və ədalətin bərqərar olması üçün bu gün son dərəcə vacibdir.


Bu faciənin nəticələri ilə bağlı tarixi ədalətin bərpası Azərbaycan dövlətinin xarici siyasətinin prioritetidir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən Qayıdış Konsepsiyası məhz bu məqsədə xidmət edir. Qərbi Azərbaycan İcmasının fəaliyyətini daim diqqət mərkəzində saxlayan Cənab Prezident deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına – Ermənistan ərazisinə ləyaqətli, təhlükəsiz və dinc şəkildə geri qayıtmaq hüququnun bərpasını fundamental prinsip kimi irəli sürür. Prezident İlham Əliyev bu məsələnin yalnız beynəlxalq hüquq normaları və insan hüquqları çərçivəsində, Ermənistanla dialoq yolu ilə həll oluna biləcəyini dəfələrlə vurğulamışdır. Bu prinsipial mövqe bölgədə uzunmüddətli sülhün və ədalətin bərqərar olması üçün əsas şərtlərdən biridir.




Seçilən
35
aia.az

1Mənbələr