Tramp administrasiyası B1/B2 və H-1B vizaları üçün qaydaları sərtləşdirir, səfirliklərə isə xüsusi göstərişlər göndərilib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkə diplomatik nümayəndəliklərinə vizaların verilməsi ilə bağlı yeni təlimatlar göndərib. Associated Press yazır ki, bundan sonra ABŞ-yə böyük idman tədbirlərinə gələnlər və əhəmiyyətli investisiya yatırmağı planlaşdıran biznes nümayəndələri viza müraciətlərində prioritet qazanacaqlar. Eyni zamanda, yüksək ixtisaslı mütəxəssislərə ayrılan H-1B vizaları üçün sərt təhlükəsizlik meyarları tətbiq edilir.
İnvestorlar və idman azarkeşləri birinci sırada...
Dövlət Departamenti ABŞ səfirliklərinə müraciətləri qiymətləndirərkən mühüm investisiya niyyəti olan biznesmenlərə və ölkəyə 2026 FIFA Dünya Çempionatı, 2028 Olimpiya Oyunları və digər iri tədbirlər üçün gələn tamaşaçılara öncülük verilməsini tapşırıb. Qurum vurğulayıb ki, belə müraciətlər digər B1/B2 kateqoriyalarından üstün tutulmalıdır.
Bütün gələnlərin milli təhlükəsizlik üzrə ciddi yoxlamadan keçməsi tələbi isə saxlanılır. Məhz bu səbəbdən bir çox səfirliklərdə B1/B2 vizası üçün uzun növbələr yaranıb.
Ötən ay prezident Tramp FIFA Pass təşəbbüsünü elan etmişdi. Bu proqram ÇM-2026 üçün viza müsahibələrinin təyin edilməsini sürətləndirməyə yönəlib. Dövlət katibi Marko Rubio bildirib ki, hökumət 400-dən çox əlavə konsul əməkdaşı göndərib və hazırda 80% ölkədə viza müsahibəsi 60 gün ərzində təyin edilə bilir.
Yeni təlimatlar FIFA Pass-ın əhatəsini genişləndirir və Olimpiya Oyunları da daxil olmaqla bütün böyük tədbirlərə şamil olunur. Diplomatik missiyalara bu tədbirlərin tamaşaçıları üçün kifayət qədər intervü slotları ayırmaq tapşırılıb.
Prioritet siyahıya həmçinin bu qruplar daxildir:
— xarici diplomatlar və dövlət qulluqçuları;
— mövsümi kənd təsərrüfatı işçiləri;
— dini şəxslər;
— həkimlər;
— xarici tələbələrin payı 15%-dən çox olmayan ali məktəblərin tələbələri.
H-1B vizaları üçün yeni sərt meyarlar
ABŞ səfirliklərinə göndərilən ayrı teleqram H-1B vizası üçün müraciət edən yüksək ixtisaslı mütəxəssislərə qarşı əlavə təhlükəsizlik tələbləri müəyyənləşdirir. Konsul məmurları sosial şəbəkələrdə “amerikalıların senzurasında iştirak edə biləcək” namizədlərə qarşı daha ehtiyatlı olmağa çağırılıb.
Tələblərə əsasən namizədlərdə bu hallar xüsusilə araşdırılacaq:
- qlobal kontent moderasiyası siyasətlərində iştirak və bunun söz azadlığına zidd olması;
xarici hökumətlərin senzura tələblərini icra etmək;
- moderasiya çərçivəsində amerikalıların şəxsi məlumatlarını ötürmək.
Bu məlumatlar namizədin CV-sində, əvvəlki iş yerlərində, sosial şəbəkə fəaliyyətində və ya ictimai çıxışlarında aşkarlana bilər.
Dövlət Departamenti bildirib ki, bu meyarlar bütün müraciət edənlərə şamil olunsa da, xüsusilə H-1B namizədləri ən ciddi yoxlamadan keçməlidir, çünki onların əksəriyyəti sosial şəbəkələr, texnologiya və maliyyə sahəsində fəaliyyət göstərir və söz azadlığının məhdudlaşdırılması ilə bağlı risk daşıya bilər.
Analitiklər qeyd edirlər ki, bu addımlar Tramp administrasiyasının miqrasiya sistemini sərtləşdirmək və ABŞ-a giriş mexanizmlərinə nəzarəti gücləndirmək strategiyasının tərkib hissəsidir.
Poliqon.info