AZ

Lökbatanda yanğında ana, iki azyaşlı övladı və digər şəxs ölüb - Yenilənib 

Lökbatanda yanğında ölənlərin adları açıqlanıb..

APA-nın əldə etdiyi məlumata görə, yanğında Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) ölüb.

***

Lökbatanda yanğında 4 nəfər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Poliqon xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

Hadisə şahidlərinin bildirdiyinə görə, güclü yanğın nəticəsində 4 nəfər dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlarla bağlı isə hələ ki, dəqiq məlumat yoxdur.

***

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində ölən və yaralananlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
8
36
poliqon.info

10Mənbələr