AZ

Fransada xəstəliyə görə heyvan sürüsü məhv edilən fermerə dəstək aksiyaları genişlənir

Paris, 5 dekabr, AZƏRTAC

Fransanın bir sıra departamentlərində Dubs (Doubs) bölgəsində dermatoz nodulyar xəstəliyinin aşkarlanması səbəbi ilə bütün sürüsünü itirən fermerə dəstək üçün aksiyalar təşkil edilir. Pouilley-Français kəndində peyvənd olunmasına baxmayaraq, bir heyvanda xəstəlik aşkar edildikdən sonra fermerin 83 baş heyvanının dövlət qərarı ilə tamamilə məhv edilməsi kənd təsərrüfatı sektorunda böyük narazılıq yaradıb.

AZƏRTAC xəbər verir ki, Kröz Kənd Koordinasiyası və Kröz-Limuzin Kəndçilər Konfederasiyası Gere prefekturası qarşısında mitinqə çağırıb. Bu barədə “İCI Creuse” radiosu məlumat yayıb. Assosiasiyalar sosial şəbəkələrdə yayımladıqları müraciətlərdə dövlətin sadəcə işləmək istəyən kəndliləri incitdiyini bildirərək xəstəliyin statusunun dəyişdirilməsini və sürülərin məhv edilməsinin dərhal dayandırılmasını tələb ediblər. Həmçinin aksiya yerinə traktorlar və böyük ot bağlamaları ilə gələcəklərini açıqlayıblar. Obusson şəhərindəki sub-prefektura qarşısında artıq etirazlar başlayıb və fermerlər böyük həcmdə ot bağlamaları boşaldıblar.

Dordony departamentində Perigö prefekturası qarşısında daha bir aksiya keçirilib. “İCI Périgord”un məlumatına görə, 70 fermer 15 traktor və gübrə dolu digər traktorlarla etirazda iştirak edib. Əraziyə CRS bölmələri və polis qüvvələri cəlb olunub. Digər region və departamentlərdə də fermerlər etiraz aksiyası keçiriblər.

Sürülərin tamamilə məhv edilməsi qərarı kənd təsərrüfatı icmasında ciddi narazılığa səbəb olub. Fermer təşkilatları bunun “depopulyasiya siyasəti” olduğunu iddia edir və dövlətin qərarlarına yenidən baxılmasını tələb edirlər.

Aksiyaların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Seçilən
178
azertag.az

1Mənbələr