AZ

300 km məsafədən təyyarə məhv edə bilən dünyanın ən güclü raketləri -SİYAHI

Müasir döyüş aviasiyasında qarşıdurmalar yüzlərlə kilometr uzaqdan başlaya bilir. Yüksək sürətli mühərriklər və müasir özütuşlanan sistemlər sayəsində “hava–hava” sinifli raketlər artıq pilotların gözlə görə bilmədiyi hədəfləri vurmağa qadirdir. Wion nəşri döyüş məsafəsi, hədəfi vurma ehtimalı və ümumi döyüş xüsusiyyətlərinə görə dünyanın ən güclü yeddi hava hücumundan müdafiə raketini təqdim edib.

1. R-37M (Rusiya )

Rusiya istehsalı olan R-37M əsasən MiQ-31 və Su-35 üçün nəzərdə tutulub. Raket 400 km-ə qədər məsafə qət edə bilir, sürəti isə təxminən 6 Maxa çatır. Məqalədə qeyd olunur ki, radar axtarıcısı və məlumat ötürmə kanalı sayəsində elektron qarşı tədbirlərə baxmayaraq effektivliyini qoruyur.

2. PL-15 (Çin)

Çinin PL-15 raketi Qərb aviasiyasına qarşı istifadə üçün hazırlanıb. Məlumatlara görə, uçuş məsafəsi 300 km-dən çoxdur. İki impulslu mühərrik və aktiv fazalı anten qəbuledicili özütuşlanan başlıq raketi yüksək radioelektron müdaxilələrə davamlı edir. PL-15 J-20 və J-16 kimi döyüş platformalarında tətbiq olunur.

3. AIM-260 JATM (ABŞ)

ABŞ-ın AIM-260 raketi Asiyada sürətlə inkişaf edən raket texnologiyalarına cavab olaraq yaradılıb. Raketlə bağlı detalların çoxu məxfiləşdirilib, lakin bəzi məlumatlara görə, onun uçuş məsafəsi 200 km-dən artıqdır. AIM-260 gizli (stealth) təyyarələrə və yüksək manevr edən döyüşçülərə qarşı istifadə üçün hazırlanıb.

4. AIM-120D AMRAAM (ABŞ)

Dünyanın ən uğurlu “görüş məsafəsindən kənar” raketlərindən hesab olunan AIM-120D 180 km məsafəyə qədər hədəfi vura bilir və müxtəlif münaqişələrdə effektivliyini sübut edib. GPS ilə yönləndirmə və ikitərəfli məlumat mübadiləsi uçuş trayektoriyasını real vaxtda yeniləməyə imkan verir.

5. Meteor (Avropa İttifaqı)

MBDA tərəfindən hazırlanan Meteor raketinin uçuş məsafəsi təxminən 150 km-dir. Onun ən önəmli xüsusiyyəti geniş “çıxılmaz zona”ya malik olmasıdır. Bu, raketin düz axımlı reaktiv mühərriki sayəsində uçuşun son mərhələsinə qədər yüksək enerjini qoruması ilə bağlıdır. Bu xüsusiyyət hədəfin qaçış şansını xeyli azaldır.

6. Astra Mk-2 (Hindistan)

Hindistan istehsalı olan Astra Mk-2 raketinin uçuş məsafəsi təxminən 160 km-dir. O, həm buraxılışdan əvvəl, həm də buraxılışdan sonra yönləndirmə sistemini dəstəkləyir. Raket hal-hazırda Su-30MKI, LCA Tejas və MiQ-29 təyyarələrinə inteqrasiya edilir. Daha uzaqmənzilli Astra Mk-3 versiyası üzərində də işlər aparılır.

7. Python-5 (İsrail)

Daha qısa məsafəli raketlərdən biri olsa da, Python-5 yaxın döyüşlərdə ən təhlükəlilər sırasındadır. Elektrooptik axtarıcı və yüksək manevr qabiliyyəti sayəsində raket hətta ekstremal buraxılış bucaqlarında belə hədəfi dəqiq vura bilir.

Qeyd edək ki, daha əvvəl dünyanın ən güclü qitələrarası ballistik raketlərindən bəhs edilmiş və siyahıya ABŞ-ın Minuteman III raketi də daxil edilmişdi. Bu raketin uçuş məsafəsi təxminən 13 000 km-dir.

Seçilən
48
12
veteninfo.az

10Mənbələr