Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən 32-ci ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycanla ATƏT arasında ikitərəfli əməkdaşlığın əsas sahələrini, hazırda ATƏT-in üzləşdiyi çətinlikləri, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, regiondakı vəziyyəti və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər.

Qeyd edilib ki, Avropada təhlükəsizliyin ciddi çətinliklərlə üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüququn, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini qeyd-şərtsiz təşviq etmək vacibdir.
Nazir Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regiondakı mövcud vəziyyət və reallıqlar, Vaşinqton Zirvə görüşünün nəticələri və Azərbaycanın sülh prosesinə dair gözləntiləri barədə məlumat verib.
Qeyd edilib ki, Minsk prosesinin və işğal dövründən qalan müvafiq strukturların dağıdılması ATƏT-in fəaliyyətinin effektivliyi, eləcə də onun işini regional reallıqlara uyğun təşkil etmək üçün vacibdir. Əldə edilən nəticələr müsbət qiymətləndirildi.
Görüşdə həmçinin ATƏT daxilində qarşılıqlı maraq doğuran məsələlər və daha geniş regionda təhlükəsizlik vəziyyəti barədə fikir mübadiləsi aparıldı.