AZ

Bir ailəni məhv edən yanğın kombidən başlayıbmış... - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR...

Xəbər verdiyimiz kimi, Lökbatanın "Qobu Park-1" yaşayış massivində bu gün səhər saatlarında baş verən güclü partlayış və yanğın faciə ilə nəticələnib.

Sitat.info Day.Az-a isitnadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı eyni ailəyə aid iki məktəbli uşaq və onların anası dünyasını dəyişib. Kömək məqsədilə hadisə yerinə daxil olan 65-70 yaşlarında bir kişi də tüstüdən boğularaq həyatını itirib. Onun həyat yoldaşı isə tüstüdən zəhərlənmiş vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimallara əsasən, partlayış mənzildə quraşdırılmış kombidə yaranan nasazlıq nəticəsində baş verib.

Qonşuların sözlərinə görə, partlayışdan dərhal sonra mənzil qısa müddətdə alova bürünüb. Əraziyə cəlb olunan aidiyyəti qurumlar hadisənin dəqiq səbəblərini araşdırırlar.

Payız-qış mövsümündə əhali istilik sitemindən və kombidən istifadə etdikləri üçün təhlükəsizlik məsələsi gündəmə gəlir.

Bəs kombi partlayışlarının qarşısını almaq üçün nə etmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, kombilərdə baş verən partlayışların əsas səbəbləri qaz sızması, baca və tüstü kanalının tutulması, cihazın daxilində su təzyiqinin normadan çox artması, elektrik sistemində qısa qapanma və kombinin qeyri-peşəkar şəkildə quraşdırılması ilə bağlı olur. Qaz sızması zamanı otaqda toplanan yanıcı qazın alışması isə bu cür ağır nəticəli partlayışlar üçün əsas risk faktoru hesab olunur.

Təhlükəsizlik üzrə mütəxəssislər vətəndaşlara qaz cihazlarından istifadə zamanı xüsusi ehtiyatlı olmağı tövsiyə edirlər. Onların sözlərinə görə, kombiyə ildə ən azı bir dəfə peşəkar servis tərəfindən texniki baxış keçirilməlidir. Bu zaman qaz sızdırmazlığı, baca çəkisi və brülörün vəziyyəti yoxlanmalı, cihazın ümumi iş prinsipi test edilməlidir. Qaz iyi hiss edildikdə isə dərhal kombi söndürülməli, qaz kranı bağlanmalı, elektrik açarlarına toxunulmamalı və dərhal 104 Qaz Xidmətinə məlumat verilməlidir.

Mütəxəssislər bildirirlər ki, kombinin quraşdırıldığı yerdə havalandırmanın daim açıq olması həyati əhəmiyyət daşıyır, çünki qapalı və havasız məkanlar partlayış riskini daha da artırır. Bundan başqa, su təzyiqinə nəzarət olunmalı, manometrin göstəricisi 1-2 bar aralığında saxlanmalıdır. Təzyiqin tez-tez yüksəlməsi cihazda nasazlıq olduğunu göstərir və dərhal ustaya müraciət olunmalıdır.

Bundan əlavə, evlərdə karbon monoksid (CO) detektorlarının quraşdırılması tövsiyə olunur. Bu cihaz tüstü və qaz sızmasını erkən aşkar edir və vaxtında xəbərdarlıq edərək insanların həyatını xilas edə bilər. Mütəxəssislər həmçinin qaz cihazlarının yalnız rəsmi və ixtisaslı ustalar tərəfindən quraşdırılmasını vacib hesab edirlər, çünki qeyri-peşəkar montaj kombi partlayışlarının ən çox rast gəlinən səbəblərindəndir.

Seçilən
7
1
sitat.info

2Mənbələr