Gəncə şəhərində Polşanın Azərbaycandakı səfirliyi, İncəsənət Şurası Azərbaycan QHT-si və Gəncə Ticarət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Polşa Azərbaycan rəssamlarının gözü ilə" adlı seminar və yekun sərgi keçirilib. Tədbir Polşa ilə Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsi, Bakı və Gəncədən olan rəssamları ortaq yaradıcılıq prosesində bir araya gətirmək üçün platforma rolunu oynayıb.
Hafta.az-ın yazdığına görə, saat 11-dən 16-dək davam edən yaradıcılıq seminarı canlı şou formatında davam edib və yaradıcılıq prosesi ictimaiyyət üçün açıq olub. Qonaqlar yaradıcılıq prosesini müşahidə edə, rəssamlara yaxınlaşa, suallar verə və onlarla ünsiyyət qura bilib, canlı və interaktiv atmosfer yaradıblar.
Seminar Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin bu şəhərdəki Baş konsulu və Polşanın Azərbaycandakı səfirinin iştirakı ilə başa çatıb.
Yaradıcılıq sessiyasından sonra sərgi açılıb. Sərgidə bakılı rəssamlar Leyli Musaibova, Nigar Müslümova, Oksana Kazımova və Ülviyyə Hürləzadənin, eləcə də Gəncədən olan gənc rəssamlar Nəzrin Ələsgərli, Fatimə Abbaslı, Firəngiz İsayeva, Banu Abbaslı, Nərgiz Nəsirova, Nəzrin Cəfərova, Ülkər Axundzadə və Nurtac Allahverdiyevanın əsərləri nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Polşanın ölkəmizdəki səfiri Pavel Radomski Polşa mədəniyyətinin Gəncədə təqdim olunmasından məmnun olduğunu bildirib və layihə iştirakçılarının, xüsusən də gənc rəssamların yüksək istedad və peşəkarlığından söz açıb, ölkələrimiz arasında mədəni mübadilənin inkişafının vacibliyini və bu cür təşəbbüslərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Layihə rəhbəri, mədəniyyət xadimi Dadaş Məmmədov rəssamları layihənin uğurla başa çatması münasibətilə təbrik edib, uzunmüddətli əməkdaşlıq və dəstəyə görə Polşa səfirliyinə minnətdarlığını bildirib, Gəncədən olan gənc istedadların iştirakının onların gələcək peşəkar inkişafı üçün vacib addım olduğunu vurğulayıb. O, Gəncənin unikal mədəni potensiala malik olduğunu və bu cür layihələr üzrə əməkdaşlığın davam edəcəyini qeyd edib.
Azərbaycan İncəsənət Şurasının seminar və sərgi keçirməkdə əsas məqsədi gənc nəsillər arasında incəsənətə marağı artırmaq və Azərbaycan rəssamlarının əsərlərini təbliğ etməkdir.