AZ

Distant işləmək olar, bəs oxumaq necə? “Nazirlik höcət edir”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir. 

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. 

İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib. 

Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur.Qeyd edək ki, Azərbaycanda “distant” sözü təhsillə bağlı yayılmış bir termindir. Bu isə onunla bağlıdır ki, COVID-19 pandemiyası qlobal miqyasda təhsil sistemlərində böyük bir transformasiyaya səbəb oldu. 

Bu dövrdə məktəblər, ali təhsil ocaqları sürətlə onlayn platformalara keçdilər və distant təhsili yalnız "alternativ" deyil, həm də əsas təlim modeli halına gətirdilər.  Pandemiyadan sonrakı dövrdə bu sistem daimi hala gəldi. 

Azərbaycanda distant təhsil dedikdə, ancaq orta məktəb nəzərdə tutulur. Ancaq dünyada distant təhsilin bir neçə forması mövcuddur ki, buraya - Qısamüddətli Onlayn Kurslar, Sertifikat Proqramları, Diplom Proqramları, Bakalavr Proqramları, Magistr və Aspirantura Proqramları da daxildir. 

Uzun illərdir ki, Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı müzakirələr aparılmasına, bu istiqamətdə təkliflər səslənməsinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş müşahidə edilmir. Bununla bağlı müvafiq qurumlar müxtəlif bəhanələr gətirməklə vəziyyətdən çıxmağa çalışırlar. 

Əgər artıq ölkədə distant iş qanuniləşdirilirsə, niyə distant təhsil olmasın? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert, dosent İlham Əhmədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda təəssüflər olsun ki, 20 ildir distant təhsillə bağlı söhbətlər gedir, amma real heç nə yoxdur: 

“Bu barədə ictimaiyyət, ekspertlər danışırlar, tövsiyələr, məsləhət və təkliflər verirlər, ancaq Elm və Təhsil Nazirliyi inadkarlıqla heç bir iş görmür. 20 ildir ki, distant təhsillə bağlı fikir mübadiləsi gedir. 

Mütəxəssislər təklif edirlər ki, bizim ölkəmizdə də distant təhsil yaradılsın. Amma nazirlik əvvəllər deyirdi bu haqda “Təhsil haqqında” Qanunda maddə yoxdur. 2009-dan sonra isə bu sözləri də tükəndi, heç bir bəhanələri daha yoxdur, amma distant təhsili yenə də yaratmırlar. 

Hərçənd “Təhsil haqqında” Qanunda distant təhsil sözünün yazılmasının heç bir əhəmiyyəti yox idi. Məlumdur ki, 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olundu və orada distant təhsil haqqında maddə oldu. Ancaq sonra yenə də bu sahədə heç bir irəliləyiş olmadı. 

Bu durğunluq pandemiyaya qədər davam etdi, pandemiya dövründə bizim təhsil sistemi başqa ölkələrdən fərqli olaraq çətin bir vəziyyətə düşdü. Çünki həmin ölkələrdə distant təhsil vardı, bizdə isə yox idi. Buna baxmayaraq, pandemiyadan sonra yenə də distant təhsilin yaradılması ilə bağlı heç bir iş görülmədi. 

Pandemiya vaxtı təhsil nazirinə sual verəndə ki, distant təhsildən istifadə edəcəksinizmi, dedi ki, distant təhsildən pandemiya vaxtı, vəziyyətdən çıxmaq üçün istifadə edirik, distant təhsil yaratmırıq. Şəxsən mən 20 ildir ki, 4 nazirə bu sualı dəfələrlə ünvanlamışam: niyə distant təhsil yaratmırıq? Ancaq cavab verən yoxdur”. 

Ekspertin sözlərinə görə, bu, təhsilimizin inkişafına böyük ziyandır: 

“Biz neft kapitalını insan kapitalına  çevirmək istəyirik, ilk növbədə məhz bu texnologiyadan istifadə etməli idik. O vaxtlar deyirdik ki, regionda İKT üzrə lider dövlətik. Amma İKT ilə distant təhsili yaratmaq istəmədik. Artıq nə İKT, nə də təhsil üzrə də liderik. Bu istiqamətdə heç bir iş görülmür. 

Əksinə, regionlarda 1500 məktəbi bağlamaq istəyirlər. Məsələ burasındadır ki, iqtisadi baxımdan həmin məktəblər rentabelli olmasa da, azkomplektli məktəb kimi onları saxlamaq və distant təhsil texnologiyaları ilə orada təhsili davam etdirmək olardı. 

Bu, həm ucuz, həm daha keyfiyyətli, həm də əlçatandır. Ucqar kəndlərin uşaqlarını qışın soyuq havasında qonşu kəndlərə daşımağa ehtiyac qalmazdı. Yəni ETN-nin 20 ildir ki, distant təhsillə bağlı belə ziddiyyətli və səhv mövqe tutub. 

Son 15 ildə ölkədə 4 təhsil naziri dəyişib, amma distant təhsilə münasibət dəyişməyib, bu, çox qəribədir. Heç bir nazir də bildirmir ki, niyə bütün dünya üçün qəbul olunan, dünyada tətbiq olunan belə mütərəqqi təhsil texnologiyası niyə bizdə yoxdur? 

Niyə bu qadağandır? Bunun hər hansı bir ciddi səbəbi varsa, bildirsinlər, dünya da bilsin, onlar da istifadə etməsinlər. Əgər səbəbləri yoxdursa, onda burada da istifadə etsinlər. Bu texnologiya YUNESKO və digər beynəlxalq təhsil qurumları tərəfindən müsbət qarşılanır, amma ETN höcət edir”. 

Ekspert bildirir ki, bu, əlçatan, keyfiyyətli, ucuz, kütləviliyi təmin edən təhsil texnologiyasıdır: 

“Bugünlərdə elm və təhsil naziri bir müəllimin Xankəndinə gedib həftədə 2 dəfə 2 qoşa saat dərs deyib qayıtmasından fəxrlə bəhs edib. Demək, bu qadın müəllim səhər saat 5-də oyanır, avtobusa minib Xankəndinə gedir, günorta oraya çatır, 2 qoşa saat dərsini deyir, axşam avtobusla qayıdır və gecə saat 1-2-də evə çatır. 

İnsan öz peşəsi və işi üçün bu qədər əziyyət çəkir. Ona görə ki, distant təhsil yoxdur. Hətta bizim Qarabağ Universitetində belə, distant təhsili tətbiq etmirlər. Yəni müəllimlər belə əziyyət çəkir, nazir isə bildirir ki, müəllim fədakardır. Yüzlərlə belə fədakar müəllimdənsə, bir fədakar nazir olsa yaxşı olardı, bəlkə ölkədə distant təhsil yaranardı”.

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

Distant işləmək oxumaq İlham Əhmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr