Bakı, 5 dekabr, Sabina Əlizadə, AZƏRTAC
Ermənistandan didərgin salınmış azərbaycanlıların doğma yurdlarına geri dönüşünün uğurlu həyata keçirilməsi yalnız hazırlıq mərhələsi ilə məhdudlaşmır, prosesin davamlı şəkildə təşkil olunmasını tələb edir. Qayıdışın sosial, ailə və fərdi müstəvidə sabit davam etməsi bu prosesin əsas şərti kimi qiymətləndirilir. Məsələyə beynəlxalq səviyyədə göstərilən maraq və artan iştirak isə qayıdış hüququnun qlobal müstəvidə tanınmasının göstəricisi hesab olunur.
Bunu AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın “Economy First Lumuted London” təşkilatının eksperti Klaus Peter Ralf Juergens deyib.
Onun sözlərinə görə, qayıdışın davamlı şəkildə təşkili insanların torpaqlarına qayıtdıqdan sonrakı mərhələdə sosial mühitin, ailə həyatının və ictimai proseslərin sabit şəkildə qurulması ilə bağlıdır. Ekspert vurğulayıb ki, davamlılıq anlayışı yalnız qayıdış qərarı ilə bitmir: “Əsas məsələ geri döndükdən sonra insanların həyatının necə təşkil ediləcəyidir. Prosesin ardıcıllığı və nəzarət mexanizmləri düzgün işləməlidir. Bu, qayıdışın dayanıqlı olması üçün əsas şərtdir”.
Klaus Peter Ralf Juergens qeyd edib ki, konfransda çoxsaylı beynəlxalq nümayəndələrin iştirakı mövzunun qlobal səviyyədə diqqət mərkəzinə çevrildiyini sübut edir: “Burada müxtəlif ölkələrdən bu qədər nümayəndənin iştirakı Azərbaycanın apardığı məlumatlandırma işinin effektiv olduğunu göstərir. Xaricdə mövzu ilə bağlı maarifləndirmə öz real nəticəsini verir”.
Ekspert bildirib ki, beynəlxalq ictimaiyyətin prosesə dəstəyi təkcə bəyanatlarla məhdudlaşmamalı, qayıdışdan sonrakı mərhələdə müşahidə və monitorinq mexanizmlərini də əhatə etməlidir. “Beynəlxalq səviyyədə həm də nəzarət ölçülərinin olması prosesin şəffaf və sistemli aparılmasına imkan verər. Qayıdış məsələsi beynəlxalq hüquqla tanınmış fundamental əsasdır və Azərbaycan bu istiqamətdə tam doğru addımlar atır”, - deyə o diqqətə çatdırıb.
Ekspert əlavə edib ki, mədəni irs amili qayıdış prosesinin ayrılmaz hissəsidir və yalnız fiziki geri dönüş deyil, həm də tarixi yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır: “Mədəni irs qayıdışın həm hüquqi, həm də mənəvi təməlidir. Onun bərpası tarixi ədalətin təmin olunmasına və dinc birgəyaşayışın möhkəmlənməsinə xidmət edir”.