“2024-cü ilin mart ayında Ankarada “Türk Dövlətlərində Sosial Müdafiə, Əmək Həyatı və Sosial Xidmətlər” mövzusunda keçirilən dəyirmi masa toplantısından sonra bu gün ilk dəfə olaraq əmək, məşğulluq və sosial müdafiə sahələrinə məsul nazirlər səviyyəsində bir araya gəlirik. Bu, son dərəcə dəyərli və tarixi bir hadisədir”. SİA xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, liderlərin təşəbbüsü ilə bu sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş iradə ardıcıl şəkildə həyata keçirilir: “Biz ortaq yol xəritəmiz olan "Türk Dünyası 2040 Vizyonu" nun tələblərinə uyğun olaraq əməkdaşlığımızın daha da gücləndirilməsinin vacibliyinə inanırıq”.
Oğuzhan Hasipoğlu İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipinə istinad edərək vurğulayıb ki, bu sahələrdə birgə fəaliyyət Türk dünyası üçün strateji əhəmiyyət daşıyır və sosial rifahın yüksəldilməsinə mühüm töhfə verəcək.