Avropa liderləri 1 dekabrda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu ABŞ-dan möhkəm təhlükəsizlik zəmanətləri alınmadan Rusiya qarşısında heç bir güzəştə getməməyə çağırıblar. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, danışıqda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edib. Avropa liderləri Ukraynaya verilə biləcək istənilən təhlükəsizlik mexanizmində ABŞ-ın aparıcı rol oynayacağına dair aydınlıq tələb ediblər.
Diplomatların bildirdiyinə görə, Makron telefon danışığında bildirib ki, Vaşinqton Ukraynanı necə müdafiə edəcəyini açıq şəkildə göstərməlidir və yalnız bundan sonra Kiyev razılaşmanın şərtlərinə baxa bilər.
Fridrix Mers isə Zelenskini yaxın günlərdə çox ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, “amerikalılar həm Ukrayna, həm də avropalılarla oyun oynayırlar”.
WSJ yazır ki, Kiyev və digər Avropa paytaxtlarında narahatlıq artır: ABŞ Rusiyanın mümkün sülh sazişini pozması və yenidən hücuma keçməsi halında hansı addımları atacağını hələ də açıqlamayıb.
Bu səbəbdən Avropa liderləri ABŞ-ın aparıcılıq etdiyi danışıqlara birbaşa qoşulmaqda israr edirlər. Makron və Mers bu həftə açıq şəkildə bəyan ediblər ki, dondurulmuş Rusiya aktivləri kimi bəzi məsələləri yalnız Avropa həll edə bilər.
Eyni zamanda Avropa rəsmiləri ABŞ ilə əlaqələrində bildiriblər ki, onlar Ukraynaya konkret təhlükəsizlik öhdəlikləri yalnız ABŞ-ın bu mexanizmdəki rolunu dəqiqləşdirdikdən sonra verə bilərlər.
Ukrayna dəfələrlə bəyan edib ki, NATO üzvlüyü əvəzinə ABŞ və Avropanın təhlükəsizlik zəmanətləri Rusiyanın gələcək hücumlarına qarşı deterent rolunu oynamalıdır.
Ötən həftə Makron ABŞ-ı da əhatə edən yeni işçi qrupun yaradıldığını elan edib. Məqsəd Ukraynaya veriləcək təhlükəsizlik təminatlarının yekun variantını müəyyənləşdirməkdir. Jurnalın məlumatına görə, yüksək rütbəli fransız və britaniyalı hərbçilər bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün bu həftə ABŞ-da olublar.
WSJ qeyd edir ki, Pentaqon Ukraynaya dəstəyin mümkün formatlarını hazırlayıb, lakin ABŞ-ın hansı öhdəlikləri öz üzərinə götürəcəyinə dair siyasi qərar hələ verilməyib.
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, yaxın həftələrdə Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı “yaxşı xəbərlər” gözlənilir.
ABŞ prezidenti Donald Tramp isə Rusiya və Ukrayna arasında razılaşma variantının axtarıldığını və müharibənin “nəhayət sona çatacağına ümid etdiyini” deyib.