Braziliya Hərbi Hava Qüvvələri (HHQ) ilk dəfə olaraq “Gripen E” qırıcılarından METEOR görüş məsafəsindən kənar hava-hava raketlərinin (BVRAAM) atışlarını həyata keçirib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sınaq zamanı qırıcıdan atılan iki METEOR raket hədəfləri vuraraq, uzun məsafəli təhdidlərə qarşı yüksək dəqiqlik nümayiş etdirib.
Bildirilib ki, atışlar BVR-X Texniki Təlimi çərçivəsində keçirilib. Birinci Hava Müdafiə Qrupunun iştirakı ilə keçirilən bu təlimdə ilk dəfə olaraq Braziliya HHQ-nin mütəxəssisləri və pilotlarının genişmiqyaslı əməliyyatda METEOR raketini real döyüşə yaxın şəraitdə idarə etməsi və tətbiqi mümkün olub. Təlimdə dörd “Gripen E” qırıcısı iştirak edib.
Hədəf olaraq bu təlim üçün xüsusilə seçilmiş iki ədəd yüksək manevr qabiliyyətli “Mirach 100/5” pilotsuz uçuş aparatı istifadə olunub. Onlar sınaq vaxtı müasir qırıcı təyyarələrin sürət və hündürlük profilini təqlid edərək raketin dəqiqliyinin qiymətləndirilməsi üçün mürəkkəb və realistik mühit yaradıb.
METEOR-un ramjet mühərriki raketin hədəfə çatanadək fasiləsiz itələmə təmin edir və bu xüsusiyyət onu orta mənzilli hava-hava raketləri arasında ən geniş “No Escape Zone” imkanına (qaçışın mümkünsüz olduğu zona) sahib silah edir. Raketin son mərhələ manevr qabiliyyəti və döyüş başlığı maksimum effektivlik təmin edir. METEOR müxtəlif növ hədəfləri gecə-gündüz, hər cür hava şəraitində və güclü radioelektron mübarizə mühitində vurmaq qabiliyyətinə malikdir.