Sumqayıt şəhərində yerləşən 9 və 11 saylı yataqxanalarda yaşayış şəraiti son dərəcə acınacaqlıdır. Sakinlər uzun müddətdir ki, ciddi şəraitsizlik, kommunikasiya problemləri və təhlükəsizlik riski haqqında müraciətlər edirlər.
NOCOMMENT.az xəbər verir ki, yataqxanalardakı mərtəbələrdə və elektrik şitlərində tez-tez yanğın halları baş verir, sanitar qovşaqları, kanalizasiya və su boruları tamamilə yararsız vəziyyətdədir.
Boruların tutulması səbəbindən su təchizatı və kanalizasiya işlək deyil.
Xüsusilə 11 saylı yataqxanada vəziyyət daha da ağırdır. Burada bir müddət əvvəl qaz sızması ilə bağlı partlayış baş verib və bir ailənin iki üzvü həlak olub. Həmin hadisədən sonra yataqxanaya qaz verilişi tamamilə dayandırılıb və bu günə qədər bərpa edilməyib. Sakinlər bu məsələni ayrıca, ciddi bir problem kimi qeyd edirlər.
Ümumilikdə, hər iki yataqxanada yaranmış vəziyyət sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır və təcili müdaxilə tələb olunur.