AZ

Kubanıçbek Ömürəliyev: Türkdilli dövlətlər əmək və sosial müdafiə sahələrində ümumi hüquqi bazanın yaradılması üzərində işləyə bilərlər

Bakı, 5 dekabr, AZƏRTAC

Əmək, məşğulluq və sosial müdafiə sahələrində daha sıx əməkdaşlıq bu impulsun qorunması və Türk dünyasının bütün vətəndaşlarının rifah faydalarından istifadə edə bilməsi üçün vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı altında keçirilən TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

“Son illərdə Türk Dövlətləri Təşkilatı çoxtərəfli əməkdaşlığı 50-dən çox sahəyə – ticarətdən nəqliyyat, enerji, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı, turizm, rəqəmsallaşma və kosmik tədqiqatlara qədər genişləndirdiyini diqqətə çatdıran Baş katib deyib: "Fəaliyyət sahəsinin bu cür əhatəli şəkildə genişlənməsi, Türkiyə sərhədlərinə qədər uzanan bütün strateji sektorlarda inteqrasiyanı dərinləşdirmək üçün göstərdiyimiz kollektiv səyi əks etdirir. Bütün bu sahələr arasında isə məşğulluq və sosial müdafiə regional inkişafımızın əsas sütunları kimi xüsusi əhəmiyyət daşıyır. Çünki güclü əmək bazarları, ixtisaslı insan kapitalı və xalqımızın rifahını təmin edə biləcək dayanıqlı sosial müdafiə sistemi olmadan heç bir iqtisadi irəliləyiş davamlı ola bilməz", - deyə o əlavə edib.

Kubanıçbek Ömürəliyevin sözlərinə görə, vətəndaşlar getdikcə TDT-yə üzv dövlətlərində iş imkanları axtarırlar. “Onların təhlükəsiz, layiqli və yaxşı tənzimlənən şəraitdə işləmələrini təmin etmək bizim kollektiv məsuliyyətimizdir. 2040-cı ilə qədər olan "Türk Dünyası Vizyonu" konsepsiyası və "2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatının Strateji Yol Xəritəsi" bu məsələnin əhəmiyyətini açıq şəkildə vurğulayır.

Əməkdaşlığımızın dərinləşməsi uzunmüddətli institusional tərəqqiyə yol açır. Türkdilli dövlətlər gələcəkdə əsas əmək və sosial müdafiə sahələrində ümumi hüquqi baza yaradılması üzərində işləyə bilərlər. Bu, bölgə daxilində pensiya hüquqlarının, sosial müavinətlərin və ixtisasların qarşılıqlı tanınmasını, habelə peşə hərəkətliliyini təmin edəcək. Belə bir institusional çərçivə TDT ölkələrində çalışan bütün vətəndaşlarımız üçün etibarı artıracaq, onların hərəkətliliyini asanlaşdıracaq və daha yüksək səviyyədə müdafiəni təmin edəcəkdir", - deyə Baş katib bildirib.

Seçilən
41
azertag.az

1Mənbələr