Bakı, 5 dekabr, AZƏRTAC
ABŞ dövlət katibi Marko Rubio siyasi maraqları naminə prioritetlərini Ukraynadan Venesuelaya keçirib.
AZƏRTAC xəbər verir ki, “Daily Mail” qəzeti bu barədə adının açıqlanmasını istəməyən amerikalı diplomata istinadla məlumat yayıb. Məlumata görə, Marko Rubionun diqqətini Venesuelaya ayırması hakimiyyətdə öz mövqelərini möhkəmləndirmək cəhdləri ilə bağlıdır. ABŞ dövlət katibinin prioriteti hazırda “Latın Amerikası gündəmidir”. O, siyasi gələcəyi üçün Floridadakı varlı venesuelalıların maraqlarını təmin etməlidir.
Diplomat əlavə edib ki, Marko Rubio Ukraynanı “Amerika üçün uduzulmuş mövzu” hesab edir.
Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. Ağ Ev Venesuela Prezidenti Nikolas Maduronu narkotik kartellərdən birinin lideri olmaqda günahlandırır.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bəhanəsi ilə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu, atom sualtı qayığını və 16 mindən çox hərbçini Karib dənizinə yerləşdirib. Pentaqon sentyabr ayından bəri bölgədə azı 20 qayığa zərbə endirib ki, nəticədə 76 nəfər həlak olub.
ABŞ mediası Birləşmiş Ştatların tezliklə Venesueladakı narkotik kartellərinə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini yazır.