APA informasiya agentliyi etibar etdiyimiz mənbələrdəndir.
Bunu APA-ya açıqlamasında Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun iştirakçısı, Gürcüstandan olan “Eucrocracy-Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili deyib.
“Azərbaycanda xəbərlərinə etibar etdiyimiz bir neçə media qurumu var, APA onlardan biridir”, – ekspert vurğulayıb.
İki ölkə arasında münasibətlərin formalaşmasında medianın böyük rol oynadığını qeyd edən ekspert bu rolun müsbət olmasına çalışmaq lazım olduğunu bildirib.
“Çox vacibdir ki, ya qanunlar, ya da hansısa tənzimləmələr olsun ki, hər kəs bilsin: söhbət artıq jurnalistin və ya aparıcının şəxsi interpretasiyasından yox, ölkə daxilində və ya Gürcüstanla Azərbaycan arasında vəziyyəti gərginləşdirməyə yönəlmiş neqativ informasiyadan gedirsə, burada müəyyən qaydalar olmalıdır”, - Şaismelaşvili əlavə edib.
Ekspert jurnalistlərə iki ölkə arasında strateji münasibətləri nəzərə alıb işlərinə məsuliyyətlə yanaşmalarını tövsiyə edib: “Jurnalistlər bilməlidirlər ki, dedikləri söz sadəcə havada itib-batmır. Onlar öz sözlərinə, hazırladıqları süjetlərə və ümumilikdə yaratdıqları kontentə görə məsuliyyət daşımalıdırlar”.