Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasında uzun illərdir davam edən qarşıdurmalara son qoymaq və davamlı sülhü təmin etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi mərasimdə sülh sazişi imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Sülh İnstitutunda keçirilən imza mərasiminə Prezident Donald Trampla yanaşı, KDR Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame, eləcə də Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Seneqal kimi region ölkələrinin nümayəndələri qatılıb.
İmza mərasimində çıxış edən Donald Tramp, Feliks Çisekedi və Pol Kaqameyə ayrı-ayrılıqda təşəkkür edərək, onilliklərdir davam edən bir münaqişəni sona çatdırmaqdan böyük məmnunluq duyduğunu bildirib:
“Bu gün möhtəşəm bir gündür. Afrika üçün böyük bir gün, dünya və bu iki ölkə üçün çox önəmli bir gündür. Bu gün qürur duyulası çox şey var. Hər iki ölkənin liderlərinə ayrıca təşəkkür etmək istəyirəm”.
ABŞ Prezidenti, KDR ilə Ruanda arasındakı qarşıdurmaların dünyanın ən uzunmüddətli müharibələrindən biri olduğunu və bu münaqişədə 10 milyondan çox insanın həyatını itirdiyini vurğulayaraq əlavə edib:
“Biz bu gün ABŞ Sülh İnstitutunda bu qarşıdurmalara son qoyacaq tarixi bir sazişi imzalamaq üçün bir araya gəldik. Onilliklərdir davam edən zorakılığı və qan tökülməsini dayandırmağa və KDR ilə Ruanda arasında yeni bir harmoniya və əməkdaşlıq dövrünə başlamağa sadiqik”.
Tramp çıxışının sonunda “Bu iki cəsur lidere təşəkkür etmək istəyirəm. Onlar həqiqətən cəsur liderlərdir”, - deyə bildirib.