AZ

Departament müdiri: Media savadlılığının artırılmasında əməkdaşlığın və təhsilin rolu əvəzsizdir

Bakı, 5 dekabr, AZƏRTAC

Media savadlılığının artırılmasında əməkdaşlığın və təhsilin rolu əvəzsizdir. Bu sahədə həyata keçirilən pilot layihələr artıq konkret nəticələr verir. Məsələn, bu ay 2-si pilot olmaqla, 12 məktəbdə şagirdlərlə görüşlər keçirilib. Nəticələrə əsasən, şagirdlərin təxminən 70 faizi görüşlərdən sonra media ilə bağlı suallara daha dəqiq cavablar verə bilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda panel sessiyada Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova deyib.

O qeyd edib ki, mediada dezinformasiyanın ən təhlükəli təsirləri gənclər və uşaqlar üzərində özünü göstərir. Onlar informasiya məkanında hələ yetkin seçim bacarığı formalaşmadığı üçün manipulyasiyaya daha açıqdırlar. Bu səbəbdən məktəblərdə, universitetlərdə və digər təhsil mərkəzlərində media savadlılığının sistemli şəkildə artırılması, gənclərə kritik düşünmə və məlumatı qiymətləndirmə bacarıqlarının öyrədilməsi həyati əhəmiyyət daşıyır.

“Əminəm ki, bu cür layihələrin genişləndirilməsi və ölkələrimiz arasında təcrübə mübadiləsi media savadlılığının sürətli inkişafına imkan verəcək. Belə yanaşma yalnız gənclərin deyil, cəmiyyətin bütövlükdə sağlam informasiya mühitində fəaliyyət göstərməsini təmin edəcək”, - deyə L.İsgəndərova vurğulayıb.

Seçilən
73
azertag.az

1Mənbələr