Bakı, 5 dekabr, AZƏRTAC
Son illərdə Azərbaycanda media təhsili sahəsində mühüm addımlar atılıb. 2020-ci ildən etibarən jurnalistika fakültələrində “Media savadlılığı” dərsləri əlavə edilib. Bu, medianın keyfiyyətinin yüksəldilməsi və cəmiyyətin informasiya mühitində daha hazırlıqlı olmasını təmin etmək baxımından vacib təşəbbüsdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzulu panel sessiyada Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib: “Media savadlılığı yalnız jurnalistika fakültəsi tələbələri üçün deyil, bütün təhsil səviyyələrinə daxil edilməlidir. Ümumtəhsil dərsliklərinə inteqrasiya edilməli, hətta orta məktəblərdə belə uşaqlara və gənclərə doğru informasiya mənbələrini seçmək, saxta xəbərləri tanımaq və informasiya məzmununu kritik qiymətləndirmək bacarıqları öyrədilməlidir. Bu istiqamətdə Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı Həftəsi” kimi layihələr artıq uğurlu nəticələr göstərir və geniş miqyasda tətbiq oluna bilər. Gələcək üçün əsas hədəf media savadlılığının davamlılığını təmin etməkdir. Bunun üçün ölkədə vahid, sistemli media savadlılığı proqramının, həm təhsil müəssisələrində, həm də ictimai təşəbbüslərdə işləyən bir sistemin qurulmasına böyük ehtiyac var. Belə bir sistem media sahəsində peşəkarlığın artırılması, ictimaiyyətin məlumatlandırılması və dezinformasiyanın təsirinin azaldılması üçün möhkəm baza yaradacaq”.