Gəncə, 5 dekabr, Elcan Məmmədov. AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Dayanıqlı inkişaf çərçivəsində aqrar elm və təhsilin inteqrasiyası” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin rektoru Zəfər Qurbanov çıxışında ölkədə aqrar sahənin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, dayanıqlı inkişafın təmin olunması üçün aqrar təhsil və elmin inteqrasiyası, elmi-tədqiqat işlərinin müasir tələblər əsasında təşkili və innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Rektor ADAU-da aparılan yenilənmə prosesləri, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və tələbələrin praktiki bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, konfrans elm, təhsil və istehsalat arasında əməkdaşlığın möhkəmlənməsinə, həmçinin aqrar sahədə yeni yanaşmaların müzakirəsinə mühüm töhfə verəcək.
Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə universitetlər rası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edərək konfransın yeni tədqiqat imkanları yaratdığını bildirib. O əlavə edib ki, aqrar sahədə dayanıqlı inkişafın dövlət siyasətində prioritet kimi müəyyənləşdirilməsi bu kimi tədbirlərin əhəmiyyətini daha da artırır və gənc mütəxəssislərin təşəbbüskarlığının gücləndirilməsinə xidmət edir.
ADAU-nun aqrar maarifləndirmə fəaliyyətinə verdiyi töhfələri yüksək dəyərləndirən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov belə tədbirlərin region üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“SOCAR Green” şirkətinin direktoru Elmir Musayev çıxışında yaşıl enerji və ekoloji dayanıqlıq prinsiplərinin aqrar sahədə tətbiqinin vacibliyini vurğulayaraq universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinin zəruriliyinə toxunan “Agro Dairy” MMC-nin bitkiçilik biznes istiqaməti üzrə icraçı direktoru və İdarə Heyətinin üzvü Ramil Məmmədov bu prosesdə ali təhsil müəssisələrinin xüsusi rol oynadığını bildirib.
“Azersun Holdinqin” MMC-nin kənd təsərrüfatı üzrə biznesin inkişafı direktoru İlham Abdullayev aqrar sektorda elmiəsaslı qərarların qəbulunun vacibliyini qeyd edərək, şirkətin bilik və təcrübə mübadiləsinə açıq olduğunu vurğulayıb.
Daha sonra qonaqlar universitetin onlayn televiziyasında yenidən qurulan müasir studiyası ilə tanış olublar.