AZ

Dövlət Agentliyi: “ASAN xidmət” prinsiplərinin bütün dövlət xidmətlərinə şamil edilməsi nəzərdə tutulur

Bakı, 5 dekabr, AZƏRTAC

Dövlət xidmətləri sahəsində vahid qanunun qəbul edilməsi zərurəti Prezidentin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 1.7-ci bəndinin icrası çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tərəfindən aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Dövlət xidmətləri haqqında” Qanun layihəsi hazırlanıb. Dekabrın 3-də Prezident “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərman imzalayıb və Qanun dərc edilərək hüquqi qüvvəyə minib. Qanunla dövlət xidmətlərinin göstərilməsi zamanı “ASAN xidmət”də tətbiq edilən vətəndaşyönümlü yanaşmanın və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, rahatlıq, innovativlik kimi “ASAN xidmət” prinsiplərinin bütün dövlət xidmətlərinə şamil edilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qanunda xidmət təminatçıları və istifadəçilərinin hüquq və vəzifələri dəqiq təsbit edilib. Dövlət xidmətlərinin təkmilləşdirilməsi, sadələşdirilməsi, rəqəmsallaşdırılması, əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılması, zəruri hallarda səyyar xidmət göstərilməsi və digər məlumatların Dövlət Xidmətlərinin Elektron Reyestrində yerləşdirilməsi əsas öhdəlik kimi müəyyən edilib.

Xüsusilə qeyd olunub ki, xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində (“ASAN xidmət” mərkəzləri və “KOB evləri” nəzərdə tutulur) həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcəkdir.

Önəmli yeniliklərdən biri də Qanunun 6.4-cü maddəsində təsbit olunan dövlət xidmətinin göstərilməsinə yalnız həmin xidmət üzrə məlumatların Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra yol verilməsi barədə müddəadır. Bu mexanizm dövlət orqanları (qurumları) tərəfindən hüquqi əsası və müvafiq reqlamenti olmadan dövlət xidmətinin formalaşdırılması və ödəniş (xidmət haqlarının) müəyyən edilməsi hallarını istisna edəcəkdir. Qanunun keçid müddəasına əsasən həmin norma 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd olunub ki, Dövlət Xidmətlərinin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb və hazırda 4238 dövlət xidməti Reyestrdə qeydiyyatdadır. Qanunun 16-cı maddəsinə əsasən dövrü olaraq bütün dövlət xidmətlərinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi, dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi nəzərdə tutulub.

Xüsusilə vurğulanıb ki, Qanunun 18-ci maddəsində dövlət xidmətlərinin keyfiyyətinə nəzarət mexanizmi qismində “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə nəticələri nəzərdə tutulur. Belə ki, Qanuna əsasən hər il üzrə qiymətləndirmə nəticələri Azərbaycan Prezidentinə və xidmət təminatçılarına təqdim edilir. Xidmət təminatçıları dövlət xidmətlərinin təkmilləşdirilməsi və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görməlidirlər.

Prezidentin 2025-ci il 3 dekabr tarixli Fərmanı ilə “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsinin 6 ay müddətində hazırlanması Nazirlər Kabinetinə tapşırılıb.

Seçilən
68
1
azertag.az

2Mənbələr