Bakı, 5 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Kənd təsərrüfatı sektorunda biomüxtəlifliyin qorunması istiqamətində yeni təşəbbüslər həyata keçirilir. Bu çərçivədə 2025-ci ildən etibarən tarlaqoruyucu zolaqların salınması üçün fermerlərə dövlət dəstəyi ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin müdiri Aqşin Quliyev dekabrın 5-də FAO-nun 80 illiyi münasibətilə Balaxanıda Ümumdünya Torpaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Aqşin Quliyev qeyd edib ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 1-dək fermerlər tərəfindən salınan hər hektar qoruyucu zolağa görə dövlət 1000 manat subsidiya təqdim edəcək. “Əlbəttə, burada müəyyən meyarlar mövcuddur. Ting və ağac sayının hər hektarda ən azı 1500 olması tələb edilir. Bu dəstək bir tərəfdən fermerlərin əlavə gəlir əldə etməsinə imkan verir, digər tərəfdən isə biomüxtəlifliyin qorunmasına xidmət edir”, – deyə şöbə müdiri bildirib.
Onun sözlərinə görə, qoruyucu zolaqlar torpaq eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə, həmin ərazilər kiçik həşəratların və quşların yaşayış mühiti formalaşdırmasına da şərait yaradır.
Aqşin Quliyev qeyd edib ki, tədbirin mövzusu biomüxtəlifliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, biomüxtəlifliyin mühafizəsi təkcə təbiətin zənginliyinin qorunması deyil, həm də ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatında dayanıqlı inkişafın əsas təminatçılarından biridir. “Torpağın münbitliyindən tutmuş su ehtiyatlarının qorunmasına qədər bütün proseslər birbaşa biomüxtəlifliklə bağlıdır”, – deyə o vurğulayıb.
Agentlik rəsmisi bildirib ki, kənd təsərrüfatında dayanıqlı ekosistemlərin qurulması biomüxtəlifliyin qorunmasına birbaşa bağlıdır və bu istiqamətdə görülən tədbirlər növbəti illərdə də genişləndiriləcək.