Qubada Qərbi Azərbaycan İcması, Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında geniş tərkibli görüş keçirilib və əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə geniş formatlı görüş təşkil olunub. Görüş tərəflər arasında sosial dəstək proqramlarının gücləndirilməsi, hüquqi maarifləndirilmənin genişləndirilməsi, ictimai-sosial təşəbbüslərin koordinasiyası və birgə fəaliyyətlərin institusional əsasda həyata keçirilməsi məqsədi daşıyıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qərib müəllim, YAP Quba rayon təşkilatının nümayəndəsi Elxan müəllim, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Fuad Orucov, Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov, Millət vəkili Əlibala Məhərrəmzadənin köməkçisi, vəkil Qalib Hidayət müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Qusar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Fatimə Zülfüqarova, AYB Quba bölməsinin sədri, tanınmış şair və publisist Ramiz Qusarçaylı, Quba “ASAN xidmət”in nümayəndəsi Mətləb Əliyev, mediator Təbriz Mərzəbəyov, qazı atası Rövşən Əliyev, şəhid anaları Elnurə ana və Gülbacı ana, qazi Orxan Babayev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Ramil müəllim, Xınalıq TİD İctimai Birliyinin sədri Yusif Abayev və digər qurumların nümayəndələri çıxış edərək təşkilatların fəaliyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlıq üçün təkliflər irəli sürüblər.
Tədbirin fəxri qonağı – tanınmış şair və publisist, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı şəhidlərin xatirəsinə ehtiramın hər bir vətəndaş üçün mənəvi borc olduğunu vurğulayaraq təşkilatlara uğurlar arzulayıb.
Tədbir zamanı bildirilib ki, regionda sosial məsuliyyət layihələrinin icrası, şəhid ailələri və digər həssas qrupların dəstəklənməsi, vətəndaşlara mediativ xidmətlərin əlçatanlığının artırılması üzrə əməkdaşlıq mexanizmlərinin formalaşdırılması cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında imzalanacaq memorandumun qarşıdakı dövrdə mütəşəkkil və davamlı əməkdaşlığa yol açacağı qeyd edilib.
Görüşdə “Vətən Naminə” İctimai Birliyinin sədri Tünzalə xanım və Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev çıxış ediblər. Natiqlər təşkilatların fəaliyyəti haqqında məlumat verərək bildirib ki, birgə layihələr və informasiya mübadiləsi regionda sosial təşəbbüslərin daha effektiv icrasına imkan yaradacaq.
Çıxışlarda şəhid ailələrinə göstərilən qayğının dövlət və cəmiyyət üçün prioritet olduğu, sosial proqramların genişləndirilməsinin isə həm mənəvi, həm də institusional baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Mediasiya sahəsində keçiriləcək maarifləndirici tədbirlərin və təlimlərin cəmiyyət üçün faydalı olacağı qeyd edilib.
Görüşün sonunda Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi, Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlıq memorandumu rəsmi şəkildə imzalanıb. Sənəd birgə layihələrin icrası, təlim və seminarların təşkili, sosial və hüquqi maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, eləcə də qarşıdakı dövrlərdə koordinasiyalı iş mexanizmlərinin qurulmasını nəzərdə tutur.
Tədbir yekunda qarşılıqlı hörmət, səmimiyyət və əməkdaşlıq ruhunda başa çatıb. İştirakçılar xatirə fotosu çəkdirərək Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə yaradılan şəraitə və yüksək təşkilatçılığa görə təşəkkür ediblər.