Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.
"Cebheinfo.az" xəbər verir ki, yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin hadisə yerində olduqları bildirilib.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
“Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbirstanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.
Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-in araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq”, - açıqlamada vurğulanıb.
"Cebheinfo.az"