AZ

Sülhün yolu Qərbi azərbaycanlıların qayıdışından keçir

Bu gün Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir. 

60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər müzakirələrdə iştirak edir. Konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunur. 

Tədbirdə “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar”, “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzularında panellər keçiriləcək. 

Konfransda vurğulanıb ki, mövqeyimiz beynəlxalq hüquqa tam uyğun olduğu üçün Ermənistan Qərbi Azərbaycan mövzusunda razılaşmaya məhkumdur. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, postmüharibə mərhələsində əsas məsələlərdən biri savaş dövründə hüquqları pozulmuş insanların hüquqlarının bərpasıdır: 

“Qərbi Azərbaycandan 300 mindən artıq vətəndaşımızın məcburi etnik təmizləmə siyasətinə məruz qalması Ermənistanın işğalçılıq müharibəsi nəticəsində baş verib. Hazırda Ermənistan və Azərbaycan arasında müharibə bitib. Faktiki olaraq sülh üçün addımlar atılır.

Gələcəkdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı da sülh prosesinin bir parçasına çevrilməlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin bu barədəki fikirləri Qərbi Azərbaycanın Qayıdış Konsepsiyasını müəyyən edib. Bu da sülh konsepsiyasıdır”. 

Millət vəkili vurğulayıb ki, ictimai mühit olan yerdə sülh uzunmüddətli və etibarlı olur: 

“Ona görə də Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü sülh layihəsini qəbul edirsə və onu paraflayırsa, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışını da qəbul etməlidir. 

Çünki bunun başqa yolu yoxdur. Bu gün Azərbaycanda mədəni irs, maddi irs, qeyri-maddi irs və qayıdış hüququ kimi məsələlər Bakıda keçirilən, Qərbi Azərbaycana qayıdışa həsr olunmuş beynəlxalq konfransda müzakirə olunan əsas mövzulardandır”. 

Siyasətçi diqqətə çatdırıb ki, konfransda bir çox ölkələrin hökumət təmsilçiləri, ekspertləri müharibədə öz tarixi torpaqlarından qovulmuş, amma müharibədən sonra yurd-yuvalarına qayıtmış xalqlarla bağlı təcrübələrdən danışıblar: 

“Bu təcrübə Qərbi azərbaycanlılara da tətbiq olunmalıdır. Çünki əgər Qərbi azərbaycanlılar qayıtmasa, Ermənistanla Azərbaycan arasında davamlı sülh də mümkün olmayacaq. Yəni sülhün yolu Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından keçir və Ermənistan bunu qəbul etməlidir”. 

Seçilən
50
cebheinfo.az

1Mənbələr