Trampın görüşdən nə nəticə çıxardığını deyə bilməyəcəyini vurğulayıb, bunu iki insanın tələb edildiyi tanqo rəqsinə bənzətməsi Aİ-ni bu məsələdən uzaqlaşdırmaq məqsədinin obrazlı ifadəsidir. Belə olan məqamda, daha çox iş Böyük Britaniyanın üstünə düşür. Böyük Britaniya bu prosesdə də öncül aktordur. Britaniya Trampın məqsədini görür. Hər halda sadə bir detal, məsələn ABŞ-nin Dövlət Departamenti Sülh İnstitutuna Ağ Ev rəhbərinin adının verilməsi kimi. Bu baxımdan, hadisələrin mövcud inkişaf ssenarisində Krallıq Rusiyaya qarşı güclənmək, güclü cəbhə formalaşdırmaq yolunu tutur. Buna görə də Böyük Britaniya və Norveç Arktikada sualtı kritik infrastrukturu qorumaq məqsədilə birgə hərbi-dəniz qüvvələrinin yaradılmasını nəzərdə tutan müdafiə paktının imzalanmasına hazırlaşırlar. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, son illərdə Rusiya gəmilərinin Birləşmiş Krallıq suları yaxınlığında aktivliyinin 30% artması onu buna vadar edən amildir. Yeni saziş sualtı kabelləri və boru kəmərlərini qorumağa xidmət edəcək ki, bu obyektlərin məhv edilməsi infrastruktur üçün ciddi nəticələrə səbəb ola bilər. Böyük Britaniya qlobal qeyri-stabil vəziyyətin dərinləşdiyi bir dövrdə və sularında Rusiya gəmilərinin sayının artdığı vaxtda, milli təhlükəsizliyini qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı vacib sayır. Avropa müharibədən sonra yeni enerji arxitekturasını müəyyənləşdirmək ssenarisində mövqe sahibi olmaq, uduzmamaq, daha çox möhtac olmamaq üçün yeni mənbələr axtarışındadır. Qara dənizdə baş verən hadisələr də göstərir ki, enerji müstəqilliyi indi də su altına keçir. Çünki Avropanın qazıntı yanacaqlarından asılılığına son qoymaq proqramının bir hissəsi də dənizdəki külək enerjisidir. Külək enerjisi üzrə dünyada ikinci yerdə qərarlaşan Azərbaycan bu işdə önəmli tərəfdaşdır. Beynəlxalq tərəfdaşlar baxımından Böyük Britaniya üçün Cənubi Qafqazı dəyərləndirdiyimiz zaman Azərbaycanla münasibətlər bəllidir. Son otuz il ərzində Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investor olub. Tərəfdaşlıq "yaşıl enerji" gündəliyi üzrə də aktivdir.
Qərb-Cənubi Qafqaz, xüsusilə də Qərb-Azərbaycan marşrutu üzrə də canlanmanın şahidiyik. Qərb deyərkən, şübhəsiz ki, Böyük Britaniya və Aİ ilə münasibətlər fərqli dəyərləndirilməlidir. Bu fərq elə öz aralarında da bir daha göründü ki, Böyük Britaniya Avropa İttifaqı ilə "Security Action for Europe" adlı müdafiə fonduna qoşulmaq barədə razılığa gələ bilmədi. Transxəzər layihəsi üzrə 8 avqustdan sonra Qərb "qonşudan qalma geri" prinsipi ilə davranır ki, ABŞ-ın aktivliyi Aİ-ni tələsdirdi.
Bir müddət Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə qoyulmuş embarqonu tamamilə ləğv etdiyini də açıqladı. Birləşmiş Krallığın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti bildirdi ki, "ATƏT tərəfindən 1992-ci ildə Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edən qüvvələrə silah və sursat tədarükünə dair tövsiyə olunan embarqonun tətbiqinə bir əsas qalmayıb". Realizmin mövcud işığında yada düşən deyim var: Si vis pacem, para bellum-yəni, "sülh istəyirsənsə müharibəyə hazır ol". Müdafiə sənayesi ən gəlirli sahədir. Bu istiqamətdə dövlətlərin yarışı son dərəcə sürətlənib. Texnologiyanın inkişafı mövcud sahəyə fərqli yanaşma da tələb edir. Azərbaycan müdafisə sənayesi üzrə cəlbedici addımlar atır, nailiyyətlər əldə edir.
Daha əvvəl qeyd edilən Azərbaycanla münasibətləri də bir daha vurğulayaraq Böyük Britaniya bir müddət əvvəl ilk dəfə Azərbaycana müdafiə attaşesi təyin etdi. İndi də eyni profil üzrə attaşeni Ermənistana təyin edir. Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir. Onu da proqnozlaşdırmaq olar ki, Böyük Britaniyanın iştirakı ilə təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı möhkəmləndirmək baxımından uzaq olmayan gələcəkdə regional ölkələrin nazirlər səviyyəsində görüşü də keçirilə bilər.
Ən əsası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul etməsi, müzakirə edilən məsələlər bu işdə qarşılıqlı istəkdən xəbər verir. Ermənistana da toxunduğumuz zaman o, Rusiyadan asılılığını hərtərəfli və əhəmiyyətli dərəcədə azaltmaq planları içindədir. Ermənistan diversifikasiya siyasətini bir neçə istiqamət üzrə aparmağı hədəfləyir. Bu, onun manevr imkanlarının dar olması ilə əlaqələndirilə bilər. Bu addımlar risksiz olmasa da, hər halda onun Qərbə istiqamətlənən siyasi kursunu bir xeyli sürətləndirəcək. Lakin düşünülmüş addımlar atılmalıdır, ələlxüsus da seçki öncəsi. Seçkidən sonra bu proses KTMT-dən çıxmaq da daxil olmaqla tamamilə yeni bir görkəm ala bilər. Bu görkəmin dağıdıcı olmamasına xüsusi, həssas münasibət göstərilməlidir ki, addımın mümkün nəticələri sadəcə özünü deyil, bütün regionu risk altına salmasın.
Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31