Bu gün səhər saatlarında Lökbatanın “Qobu Park-1” yaşayış massivində baş verən güclü partlayış və yanğın ağır faciəyə səbəb olub. Hadisə nəticəsində eyni ailənin iki məktəbli uşağı və anaları həyatını itirib. Faciə anında köməyə qaçan 65–70 yaşlarında bir kişi də tüstüdən boğularaq dünyasını dəyişib, onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sakinlərin sözlərinə görə, partlayışdan dərhal sonra mənzil bir neçə dəqiqəyə alova bürünüb və içəridə olanların çıxmasına imkan olmayıb. İlkin ehtimallara əsasən, partlayış mənzildə quraşdırılmış kombidə yaranan nasazlıq nəticəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və digər aidiyyəti qurumlar cəlb olunub, onlar partlayışın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma aparırlar.
Hadisə qış mövsümü ərəfəsində baş verdiyi üçün kombi təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirir ki, kombi partlayışları adətən bir neçə əsas faktordan qaynaqlanır və onların arasında ən riskli səbəblərdən biri qaz sızmasıdır:
“Kombi və digər qaz cihazlarının texniki xidmətini vaxtında həyata keçirməmək, sızıntıları gözardı etmək ciddi təhlükə doğurur. Kiçik bir nasazlıq belə qısa müddətdə güclü partlayışa və yanğına səbəb ola bilər. Yanğın zamanı tüstünün sürətlə yayıldığını nəzərə alsaq, mənzillərdə işlək yanğın xəbərdarlıq detektorlarının olması həyati əhəmiyyət daşıyır.
FHN və digər aidiyyəti qurumların dərhal hadisə yerinə yetişməsi vacib olsa da, əsas qoruyucu tədbirlər ilkin profilaktika tədbirləridir”.
Ekspert həmçinin vurğulayır ki, sakinlər qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, hər hansı sızma və nasazlıq əlamətləri görüldükdə dərhal mütəxəssislərə müraciət etməlidirlər:
“Mənzillərdə yanğın siqnalizasiya sistemlərinin quraşdırılması, təcili çıxış yollarının hər zaman sərbəst saxlanılması və sakinlərin yanğın təhlükəsi barədə maarifləndirilməsi fəlakətlərin təsirini azalda bilər.
Bu hadisə bir daha göstərir ki, texniki baxış və təhlükəsizlik qaydalarına riayət olunmadığı halda, hətta ən adi ev avadanlığı da ölümcül nəticələrə yol aça bilər”.
Ekspertin fikrincə, gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün həm sakinlərin məsuliyyətli davranışı, həm də qurumların mütəmadi yoxlamalar aparması vacibdir.