Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən 2026-cı il üzrə hazırlanan İş Planının müzakirə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin icraçı direktorunun müavini Ramil Hüseyn ilk olaraq Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin 2025-ci ildə İİTKM tərəfindən icrası barədə məlumat verib və bildirib ki, bununla bağlı illik hesabat hazırlanır. Daha sonra İİTKM-in hüquqşünası Nigar Hafizqızı Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin 2026-cı ildə icrası ilə bağlı hazırlanan İş Planı barədə əməkdaşlara məlumat verib. O, İİTKM-in icrasından məsul olduğu tədbirlərin hər birini ətraflı izah edib və vurğulayıb ki, 2025-ci ildə bununla bağlı görülən işlər 2026-cı ildə də davam edəcək. Həmçinin N.Hafizqızı qeyd edib ki, korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə İİTKM tərəfindən illik hesabat da hazırlanır. Hüquqşünas bu hesabatla bağlı əməkdaşları ətraflı məlumatlandırıb.
Müzakirə zamanı əməkdaşların təklifləri də nəzərə alınmaqla 2026-cı il üzrə İş Planının rəhbərliyə təqdim olunması qərarlaşdırılıb.