Bakı, 5 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycan ərazisinin genişzolaqlı şəbəkə ilə tam əhatə olunması və bütün təsərrüfatların internetə çıxış imkanlarının təmin edilməsi yeni rəqəmsal imkanlar yaradır.
Yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri daha yüksəksürətli internetlə təmin ediləcək. Bu da onların həm gündəlik, həm də iş fəaliyyəti üçün daha sürətli və dayanıqlı bağlantıdan istifadə etməsinə imkan verəcək. Bundan başqa, internetdən daha səmərəli və faydalı istifadə üçün “IoT” texnologiyalarının tətbiqi üzərində işlər aparılır (“IoT” - əşyaların interneti texnologiyaları – red.). Bu texnologiyalar sayəsində “ağıllı ev” həlləri, avtomatlaşdırılmış xidmətlər və yeni rəqəmsəl imkanlar həm fərdi istifadəçilər, həm də biznes təsərrüfatları üçün əlçatan olacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
Nazirlik rəsmisi vurğulayıb ki, ölkəmizdə mobil rabitə istifadəçilərini də maraqlı yeniliklər gözləyir. “Məhşur beynəlxalq məzmun təminatçıları ilə əməkdaşlıq çərçivəsində yeni TV və rəqəmsal məzmun həlləri təqdim olunacaq. İstifadəçilər artıq müxtəlif platformalarda yüksəkkeyfiyyətli video, film və digər interaktiv məzmunlardan istifadə edə biləcəklər.
Eyni zamanda, oyun sahəsində yeni imkanlar yaradılacaq. Həmçinin süni intellektə əsaslanan innovativ həllər təqdim ediləcək. Bu isə yalnız əyləncə sektorunu deyil, həm də təhsil, iş və digər sahələrdə rəqəmsal ekosistemi daha effektiv və müasir edəcək”, - deyə Rəşad Bayramov vurğulayıb.