Ölkədə uşaq bağçalarına olan tələbat ildən-ilə artır, lakin mövcud müəssisələrin sayı valideynlərin ehtiyacını ödəməyə çatmır.
Bu isə bir çox ailələr üçün gündəlik iş rejimini tənzimləməkdə ciddi problemlər yaradır. Həmçinin, bağçaların çatışmaması təkcə təhsil imkanlarının məhdudlaşması deyil, həm də uşaqların emosional və sosial inkişafına birbaşa təsir göstərən ciddi problemdir.
Bağçaya gedə bilməyən uşaqlarda ünsiyyət bacarıqları zəifləyir, həmyaşıdları ilə sosiallaşma prosesi ləngiyir və bu, gələcək mərhələlərdə adaptasiya çətinliklərinə yol aça bilir. Bağça çatışmazlığının aradan qaldırılması ilə bağlı son illər müxtəlif təkliflər səsləndirilir.
Bir müddət əvvəl məsələ ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov diqqətə çarpan bir təklif irəli sürmüşdü ki, hər yeni tikilən binanın altında mütləq uşaq bağçası yaradılması. Deputatın fikrincə, paytaxtda və böyük şəhərlərdə əhalinin sıxlığı nəzərə alınaraq, hər yaşayış kompleksinin daxilində bağça infrastrukturunun formalaşdırılması problemin əhəmiyyətli hissəsini aradan qaldıra bilər.
Digər tərəfdən, Azərbaycanda yeni tikilən binaların müəyyən hissəsinin dövlətə ayrılması praktikası da mövcuddur. Həmin paydan istifadə edilərək dövlət tərəfindən bağçaların tikintisi mümkün ola bilər. Bu, mövcud bağça çatışmazlığını azalda bilər.
Ölkədə məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığının aradan qaldırılması istiqamətində vacib mexanizm işə düşüb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilən qrant müsabiqəsində qalib gələn bağçalar üzrə elektron portal üzərindən qeydiyyat prosesinə start verilib.
Yeni model valideyn-dövlət-özəl sektor əməkdaşlığına əsaslanır və məktəbəqədər təhsilin əlçatanlığını artırmağı hədəfləyir. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 63 özəl bağça qalib seçilib.
Qrant mexanizminə görə, bu bağçalarda Azərbaycan bölməsində təhsil alacaq uşaqların aylıq təhsil haqqının 250 manatlıq hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək. Qalan məbləği isə valideyn ödəyəcək.
Bu yanaşma həm özəl bağçaların daha əlçatan olmasına, həm də mövcud bağça çatışmazlığının qismən aradan qaldırılmasına səbəb ola bilər.
Azərbaycanda bağça çatışmazlığının əsas səbəbləri nələrdir?
“Uşaqların 27–28%-i bağçaya gedə bilir”
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, özəl bağçalar üçün qrant müsabiqəsinin həyata keçirilməsi ölkədə uzun illərdir mövcud olan bağça çatışmazlığının azaldılmasına real və ölçülə bilən təsir göstərən mexanizmlərdən biridir:

“Azərbaycan məktəbəqədər təhsil sistemində əsas problem yalnız bağça sayının azlığı deyil, yerlərin bölgələr üzrə qeyri-bərabər paylanması, dövlət bağçalarının yüklənməsi, özəl sektorun isə yüksək maliyyə baryerlərinə görə geniş fəaliyyət göstərə bilməməsidir.
Qrant mexanizmi məhz bu baryerləri yumşaldaraq yeni bağçaların açılmasını sürətləndirir, mövcud bağçaların isə infrastrukturunu yaxşılaşdırır və nəticədə məktəbəqədər təhsilə çıxışı genişləndirir. Statistika göstərir ki, hazırda 1–5 yaş arası uşaqların yalnız təxminən 27–28%-i bağçaya gedə bilir. Bu rəqəm OECD ölkələrində 80–85%, Estoniyada 92%, Türkiyədə 45% civarındadır.
Azərbaycanın bu göstəriciyə görə xeyli geri qalması məktəbəqədər təhsilin ölkədə sosial inkişafda zəif bənd olduğunu təsdiqləyir. Xüsusilə Bakı, Abşeron, Gəncə və Sumqayıtda dövlət bağçalarında yerlərin çatışmaması valideynləri özəl bağçalara yönəldir, lakin özəl bağçaların qiymətlərinin yüksək olması və yeni bağça açmaq üçün icazə prosesinin xərcli olması seçim imkanlarını məhdudlaşdırır.
Bu baxımdan qrant müsabiqəsi həm sosial, həm iqtisadi, həm də struktur baxımından vacib addımdır. Normativ baxış göstərir ki, “Məktəbəqədər təhsil haqqında” Qanunun 5-ci maddəsi dövlətin məktəbəqədər təhsilin inkişafı üçün müvafiq şərait yaratmaq öhdəliyini, 9-cu maddə isə məktəbəqədər təhsilə çıxışda bərabərliyin təmin edilməsini tələb edir.
Bu öhdəlik təkcə dövlət bağçaları hesabına yerinə yetirilə bilmədiyinə görə özəl sektorun prosesə sistemli şəkildə cəlb olunması hüquqi baxımdan tam əsaslıdır. Qrant mexanizmi dövlətin sosial öhdəliyinin paylaşılması üçün institusional vasitə yaradır və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsini daha sürətli edir.
Müsbət tərəflərin təhlili göstərir ki, qrant proqramları nəticəsində yeni bağçaların açılması üçün start maliyyə yükü azalır, mövcud bağçaların isə təlim-tərbiyə mühiti yenilənir. Bu, xidmət keyfiyyətini yüksəldir, rəqabəti artırır və valideynlərin seçim imkanını genişləndirir.
Elm və Təhsil Nazirliyinin qrant mexanizmini tətbiq etməsi bağça sektorunda ilk dəfə sistemli dövlət–özəl əməkdaşlığının qurulmasına şərait yaradıb və bu, nazirliyin son illərdə atdığı müsbət institusional addımlar içində xüsusi yer tutur.
Nazirliyin bu addımı həm təhsil siyasətinə yenilikçi yanaşma, həm də problemlərin yalnız dövlət büdcəsi hesabına deyil, çoxtərəfli modellərlə həll edilməsinə imkan yaradan strateji yanaşmadır”.
Yeni bağça açmaq istəyənlər üçün uzun yol
Onun sözlərinə görə, təhlillər göstərir ki, yalnız qrant mexanizmi bağça çatışmazlığını tam həll etmir:
“Çünki problem çoxşaxəlidir. İlk növbədə kadr çatışmazlığı bağça açma prosesinin ən ciddi məhdudlaşdırıcı faktorlarından biridir. Məktəbəqədər müəllimlərin əməkhaqqının aşağı olması, təlimlərin hələ də kifayət qədər sistemli olmaması yeni bağçaların açılmasını çətinləşdirir. Kadr hazırlığı Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə bağça sektorunun inkişafında əsas həlledici faktor hesab olunur.
Bu ölkələrdə məktəbəqədər müəllim sertifikasiyası məcburidir və müəllimlər üçün davamlı təlim sistemi qurulub. Azərbaycanda da nazirliyin müəllimlərin peşəkar inkişafını gücləndirməsi bu boşluğun aradan qalxmasına doğru müsbət addımdır, lakin proses daha geniş miqyasda tətbiq olunmalıdır.
İkinci əsas struktur problem lisenziyalaşdırmanın mürəkkəbliyidir. Yeni bağça açmaq istəyən sahibkarlar üçün prosedur uzun, xərcli və çoxsaylı standartlarla müşayiət olunur. Halbuki Estoniya və Polşa kimi ölkələrdə bağça açmaq üçün icarə dəstəkləri, vergi güzəştləri və sürətli icazə mexanizmləri tətbiq edilir.
Azərbaycanda lisenziyalaşdırmanın sadələşdirilməsi bağça sayının artmasına ciddi təsir göstərə bilər. Üçüncü məsələ infrastrukturun qeyri-bərabər paylanmasıdır. Kənd və qəsəbələrdə bağça sayının az olması nəticəsində uşaqlar məktəbəqədər təhsildən kənarda qalır.
Bu problem Türkiyədə mobil bağçalar, Estoniyada isə kənd məktəblərinin məktəbəqədər siniflərə çevrilməsi ilə həll olunub. Azərbaycanda da boş məktəb binalarının bağça kimi istifadəsi və kənd bağçaları üçün xüsusi subsidiyalar yaradılması problemi xeyli azalda bilər”.
Ekspert qeyd edib ki, özəl bağçalar üçün qrant müsabiqəsi bağça çatışmazlığının azaldılmasına real, müsbət və təsirli mexanizmdir:
“Qrantlar bağça infrastrukturunun genişləndirilməsi üçün mühüm stimul yaradır, özəl sektorun prosesə cəlb olunmasını asanlaşdırır və məktəbəqədər təhsilin əhatə dairəsini artırır. Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar innovativ, çevik və sosial yönümlü təhsil siyasətinin göstəricisidir və yüksək qiymətləndirilməlidir.
Lakin daha dərin və dayanıqlı həll üçün qrantlar kadr hazırlığı, lisenziyalaşdırmanın sadələşdirilməsi, infrastrukturun bölgələr üzrə balanslaşdırılması və valideynlərin ödəmə imkanlarını genişləndirən sosial mexanizmlərlə tamamlanmalıdır.
Belə bir yanaşma tətbiq edildikdə məktəbəqədər təhsildə əhatə dairəsi beynəlxalq səviyyəyə yaxınlaşacaq, bağça çatışmazlığı sistemli şəkildə azaldılacaq və uşaqların erkən inkişaf imkanları ölkə üzrə bərabər təmin ediləcək”.
Artan əhali, azalan bağçalar...
Əmlak eksperti Elnur Azadov isə bildirib ki, bağçaların özəlləşdirilməsi problemi daha da genişləndirdi:
“Sovet hökuməti dövründə, xüsusilə 1970-ci illərdən sonra Bakı şəhərinin ətrafında olan ərazilər, tanıdığımız mikrorayonlar və bir çox qəsəbələrdə əhali sıxlığına və kvartalların yerləşməsinə görə çox ciddi normativ tətbiq olunmuşdur.
Yeni salınan hər bir kvartalın ərazisində əhalinin sıxlığı nəzərə alınaraq bağçalar layihələndirilir və tikilirdi. Buna görə də, bu gün həmin ərazilərdə demək olar ciddi bağça problemi yaşanmır. Maksimal normativə əsasən, hər bir evdən bağçaya qədər məsafə 500 metr idi.
Bu, körpə uşaqların bağçaya qədər qət edə biləcəyi məsafə kimi müəyyənləşdirilmişdi və çox doğru nəticə vermişdi. Bizdə isə 2000-ci illərdə özəlləşmə proqramı nəticəsində təxminən 2004–2005-ci illərdə bəzi bağçaların özəlləşmə prosesi həyata keçirildi.
Təəssüf ki, Bakı şəhərində bəzi bağçaların təyinatı dəyişdirildi, onlar özəlləşdirildi, hətta sonradan bəzi bağçaların yerində binalar tikildi. Təsadüfi binaların həmin ərazilərdə yenə də bağça qalmaq şərtilə icazələri verilmişdi, amma ümumilikdə, bağçaların çatışmazlığına baxmayaraq, həmin yerlər satıldı”.
Bağçaya yer tapılmır
Onun sözlərinə görə, əhalinin 3 dəfə artması nəticəsində bəzi ərazilərdə bağça çatışmazlığı daha qabarıq hal alıb:
“Nəzərə alsaq ki, Bakı şəhərinin bir çox ərazilərində əvvəldən planlaşdırılmamış yaşayış massivləri mövcud olub və bu ərazilərdə uşaq bağçalarının olmaması ilə bağlı ciddi sıxıntı yaşanırdı. Yeni tikililərə icazə verildikdən sonra isə bu problem daha da ağırlaşıb.
Məsələn, mən özüm Nərimanov rayonunun mərkəzi hissəsi üzrə təhlil aparmışdım. Təxminən 3 kvadrat kilometr ərazi araşdırıldı və həmin ərazidə fəaliyyət göstərən bir neçə bağça müəyyən olundu. Sovet dövrü ilə müqayisədə bu ərazidə əhali sayı 3 dəfə artıb.
Lakin yeni tikililərin inşası ilə həmin ərazidə nə uşaq bağçaları, nə də ümumtəhsil müəssisələri tikilib. Əksinə, mövcud bağçalardan bəziləri ya ləğv olunub, ya da özəlləşdirilib. Onsuz da 1970-ci illərdə salınmış, planlaması zəif olan bu ərazilərdə əvvəlcədən bağça problemi mövcud idi.
Əhalinin 3 dəfə artması nəticəsində həmin ərazilərdə bağça çatışmazlığı daha qabarıq hal alıb. Normativlərə əsasən, hər hansı uşaq bağçasının və ya ümumtəhsil müəssisəsinin layihələndirilməsi üçün minimum 1–1,5 hektar ərazi tələb olunur. Gələcəkdə isə şəhərin mərkəzində bu cür geniş torpaq sahələrinin ayrılması praktik olaraq mümkün olmayacaq. Əhali artmaqda davam etdikcə, problem daha da dərinləşəcək”.
Yeni binaların altında dövlətə məxsus sahələrin ayrılması məsələsinə gəldikdə isə, dövlətə ayrılan mənzillərin sayı çox azdır, cəmi 3–5 % - dir:
“Onlar da çox zaman imtiyazlı kateqoriyalara verilir. Normativlərə görə, uşaq bağçası üçün binanın daxilində sadəcə otaqların ayrılması kifayət etmir.
Uşaqlar üçün nəzərdə tutulan gəzinti meydançaları və digər vacib tələblər mövcuddur. Buna görə də kiçik bir bina və ya kompleks daxilində standartlara uyğun bağça yaratmaq real olaraq çox çətindir. Bu problemə ciddi yanaşmaq lazımdır. Bakı şəhərinin Baş Planı var və həmin plan çərçivəsində bu sahədə hədəflər nəzərə alınmalıdır.
Fikrimcə, hökumət tərəfindən bağça və məktəblərin tikintisi üçün müvafiq ərazilər əvvəlcədən ayrılmalıdır. Nəzərə alaq ki, bir çox ərazilərdə 5 mərtəbəli binaların sökülməsi uzun illərdir ciddi problemə çevrilib.
Dövlət tərəfindən genişmiqyaslı söküntü aparılmadığı üçün gələcəkdə bu məsuliyyət tikinti şirkətlərinin üzərinə düşəcək və bu, prosesi daha da çətinləşdirəcək”.