AZ

Rəqəmsal məzarlıq: Tarixi irsin qorunması üçün yeni model

Bakı, 5 dekabr, AZƏRTAC

Təbii fəlakətlər, müharibələr, iqlim dəyişiklikləri, baxımsızlıq, vandalizm və torpaq mülkiyyəti ilə bağlı problemlər nəticəsində məzarlıqların məhv edilməsi son illərdə daha aydın şəkildə özünü göstərir. Bu proses milli-mədəni irsin və tarixi yaddaşın itirilməsi təhlükəsini artırır və məzarlıqların rəqəmsal mühitdə sənədləşdirilməsi və qorunması istiqamətində yeni yanaşmaların tətbiqini zəruri edir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, vəfat etmiş şəxslər haqqında məlumatların sistemli şəkildə toplanması və uzunmüddətli qorunması rəqəmsal məzarlıq (Digital Cemetery) modelinin əsas məqsədlərini təşkil edir. Rəqəmsal məzarlıq konsepsiyası mərhumlar haqqında məlumatların arxivləşdirilməsi, vizuallaşdırılması, onların rəqəmsal əkizlərinin yaradılması və gələcək nəsillər üçün əlçatan saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu sistem real məzar daşlarının aşınması, məzarlıqların məhv edilməsi və məlumatların itməsi kimi problemlərin qarşısını almağa xidmət edir”.

İradə Ələkbərova qeyd edib ki, GPS və GIS texnologiyalarının, QR-kodların, mobil naviqasiyanın, verilənlər bazası sistemlərinin və süni intellekt imkanlarının tətbiqi məzarlıqların rəqəmsal idarəetməsini xeyli təkmilləşdirir. Ağıllı Məzarlıq Sistemi (Smart Cemetery) isə rəqəmsal məzarlıq modelinin inkişaf etdirilmiş forması kimi məzar yerlərinin dəqiq xəritələşdirilməsinə, məlumatların mərkəzləşdirilmiş platformada saxlanmasına, ziyarətçilər üçün interaktiv naviqasiyanın təmin edilməsinə və mərhumun rəqəmsal əkizinin yaradılmasına imkan yaradır.

İradə Ələkbərova, həmçinin Azərbaycanın tarixi-mədəni irsinə qarşı baş vermiş vandalizm faktlarına toxunaraq bildirib ki, Qərbi Azərbaycanda və Qarabağ bölgəsində yüzlərlə tarixi məzarlığın dağıdılması, məzar daşlarının məhv edilməsi və saxtalaşdırılması rəqəmsal həllərin tətbiqini daha da aktuallaşdırır.

Seçilən
102
azertag.az

1Mənbələr