
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.
15:00
Lökbatanda baş verən yanğınla bağlı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.
Bu barədə Missiya.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində meydana gələn qatı tüstüdən binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
Qeyd olunub ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.
8:56
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Missiya.Az-a bildirilib ki, yanğının başvermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.