“Ramiz Mehdiyev Azərbaycanda özünün mənfur fəaliyyəti ilə tanınır. Onun Rusiyaya çalışdığı və xalqımıza nifrət etdiyini hər kəs bilir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Ramiz Mehdiyev hər zaman Moskvadan aldığı sifarişləri icra edib:
“Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinin düşmənidir və ən ağır cəzanı almalıdır. AXCP sədri Əli Kərimli də məhz belə bir adamla işbirliyi qurub. Onların mütəffiqliyi 1995-ci ildən başlayır.
Ə.Kərimli 1993-cü ildə istefa verdi, komandasından ayrılaraq fərqli bir mövqe tutmağa başlamışdı. Görünür, ona Azərbaycan Xalq Cəbhəsi Partiyasını nəzarətə götürmək taprışığı verilmişdi. Hətta onun mərhum prezident Əbülfəz Elçibəyə qarşı atdığı addımlar da ortadadır.
Əli Kərimli az qala Əbülfəz Elçibəyi partiyadan çıxaracaqdı. Əbülfəz Elçibəy müəyyən bir məqamda hər kəsin mövqeyini bilmək üçün AXCP-nin Ali Məclisində etimad səsverməsi keçirdi”.
Siyasətçi qeyd edib ki, Əli Kərimli zamanında “Yurd” təşkilatını da yaratmışdı:
“Böyük ehtimalla, bu addım da Ramiz Mehdiyev və ya Rusiyanın sifarişi ilə atılmışdı. Ümumiyyətlə, onların hər ikisinin Moskvadan idarə olunduğu ehtimal da var. Nəzərə almaq lazımdır ki, Kreml bir çox ölkədə özünə təsir agenti tuturdu.
Mehdiyevin də, Kərimlinin də birbaşa Rusiyaya çalışdığı variant da güclüdür. Hətta onların birlikdə fəaliyyəti belə Moskvanın sifarişi ola bilər. Onların məqsədi xalq hərəkatını dayandırmaq və öz istədikləri istiqamətə yönəltmək idi”.
Akif Nağı onu da diqqətə çatdırıb ki, Əli Kərimli Qarabağ mitinqlərinə də qarşı olub:
“Biz Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq 2018-ci ildə izdihamlı Qarabağ mitinqi keçirdik. Bütün partiyalar mitinqə cəlb olunmuşdu. AXCP isə mitinqimizi müdafiə etmədi, hətta əks-təbliğat apardı. Əli Kərimliyə nə qədər zəng edib dəvət etsək də, müxtəlif bəhanələrdə qatılmağı rədd etdi. İndi aydın olur ki, Kərimli Mehdiyevin sifarişini yerinə yetirib.
Ramiz Mehdiyev Azərbaycanda Qarabağla bağlı xalqın mövqeyinin ortaya qoyulmasını istəmirdi. O, ermənilərin maraqlarına xidmət edərək dünya nümayiş etdirmək istəyirdi ki, guya Azərbaycan cəmiyyətində Qarabağ məsələsi o qədər də aktual deyil”.
Partiya sədri vurğulayıb ki, 2019-cu ildə Ramiz Mehdiyev Prezident Aparatının rəhbəri vəzifəsindən gedənə qədər Əli Kərimli ardıcıl 3 mitinq keçirib:
“Lakin Mehdiyev vəzifəsindən gedəndən sonra 1 dəfə belə olsun mitinq keçirməyiblər. Bunun özü də ciddi bir faktdır. Onların əməkdaşlığı ortadadır. Ramiz Mehdiyev də, Əli Kərimli də cinayətkar əməllərinə görə qanun qarşısında cavab verməlidirlər”.