Gecə saatlarından başlayaraq yağan güclü yağış Abşeron rayonunun bir çox yaşayış məntəqələrində həyatı iflic edib. Ən ağır mənzərələrdən biri isə Saray qəsəbəsindədir.
Sakinlərin sözlərinə görə, səhər saatlarından uşaqlar məktəbə, valideynlər isə işə getmək üçün çətinlik çəkiblər. Çünki küçələrdə gölməçələrdən hərəkət etmək mümkün deyil.
Daha acınacaqlısı isə yağış sularının evlərin zirzəmilərini dolmasıdır. Sakinlər deyir ki, zirzəmilərə dolan su artıq böyük gölməçə və hətta “su anbarı” görüntüsü yaradıb. Evlər nəmişlikdən yaşanmaz hala düşüb, nəfəs almaq çətinləşib:
“Evin altı su ilə dolub. Rütubətdən divarlar çürüyür, evin içində nəfəs almaq olmur”.
Qəsəbə sakinləri illərdir eyni problemlə üzləşdiklərini deyirlər. Sarayda kanalizasiya xəttinin olmaması hər yağışdan sonra qəsəbəni fəlakət zonasına çevirir. İnsanlar məcbur olub öz vəsaitləri hesabına kustar üsulla kanalizasiya sistemi qurublar. Lakin bu quraşdırmalar nə yağışa tab gətirir, nə də dolan quyular suyu çəkə bilir.
Sakinlər dəfələrlə Saray bələdiyyəsinə müraciət ediblər. Lakin onların sözlərinə görə, cavab daha çox məsuliyyətdən yayınmağa bənzəyir:
“Bələdiyyəyə gedirik, deyirlər ki, nə edək, yağış yağmasın deyə “zontik” tutum? Bu münasibət bizi daha da ümidsiz edir. Qəsəbə hər yağışda belə batacaqsa, bəs bələdiyyə, icra hakimiyyəti nəyə lazımdır?”.
Saray sakinləri illərdir gözlədikləri kanalizasiya və yağış suyu sistemi probleminin həllini tələb edirlər. Amma hələlik nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar qəsəbənin səsini eşitmək niyyətində görünür. Bu arada isə yağış dayanmasa, Sarayın “su şəhərinə” çevrilməsi daha da dərinləşəcək.