AZ

Moped sürənlərlə bağlı YENİ QANUN – 40 manat cərimə…

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “İnzibati Xətalar Məcəlləsinə” ediləcək dəyişikliklər çərçivəsində mopeddən istifadə qaydaları ilə bağlı yeni tələblər təqdim olunub.

Layihədə motodəbilqə taxmadan və ya onu düzgün bağlamadan (düymələmədən) mopedi idarə edən sürücülər və eləcə də motodəbilqəsi olmayan və ya onu bağlamayan sərnişinləri daşıyan şəxslər üçün 40 manat məbləğində cərimə nəzərdə tutulur. Tənzimləmənin məqsədi moped və motosiklet istifadəçiləri arasında təhlükəsizlik səviyyəsini artırmaq, qəza nəticəsində baş verən ağır xəsarətlərin qarşısını almaqdır.

Ərşad Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, mopedlərin geniş yayılması fonunda bu dəyişiklik gecikmiş, lakin vacib addımdır:

“Son illər moped istifadəçilərinin sayı kəskin artıb və buna paralel olaraq bu nəqliyyat vasitələri ilə bağlı qəzalar da çoxalıb. Mövcud qanunvericilikdə boşluqlar var idi — xüsusilə də təhlükəsizlik vasitələrinin istifadəsi ilə bağlı. Motodəbilqənin sadəcə taxılması deyil, düzgün bağlanması da həyati əhəmiyyət daşıyır. Çünki açıq qalan və ya düymələnməmiş dəbilqə qəza zamanı heç bir qoruyucu funksiyanı yerinə yetirmir.”

Ekspertin sözlərinə görə, cərimənin tətbiqi təkcə intizam məqsədi daşımır, həm də sürücülərdə təhlükəsiz davranışın formalaşdırılmasına xidmət edir.

Ə.Hüseynovun sözlərinə görə, moped və motosiklet istifadəçiləri yol-nəqliyyat hadisələrində ən həssas qruplardan biridir və dəbilqə taxmamaq çox zaman ağır, bəzən isə ölümcül nəticələrə gətirib çıxarır:

“Təhlükəsizlik kəməri avtomobildə hansı funksiyanı daşıyırsa, dəbilqə də moped və motosiklet üçün eyni funksiyanı daşıyır.

Statistik olaraq, dəbilqə baş travması riskini 60–70 faiz azaldır. Dəbilqənin bağlanmaması isə qorunmanı sıfıra endirir.

Bu baxımdan, qanuna əlavə edilən konkret mexanizm yol təhlükəsizliyi sahəsində atılan ən vacib addımlardan biridir”.

Ekspert həmçinin qeyd edir ki, mopedlərin şəhər içi nəqliyyatda iştirakı artdıqca onlarla bağlı maarifləndirmə və inzibati nəzarət də gücləndirilməlidir.

Seçilən
53
nocomment.az

1Mənbələr