ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.
Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.
Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).
Onu da qeyd edək ki, mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Emil Rasimoğlu məsələyə belə reaksiya verib:

“Bu gün ədəbi, ictimai və mətbu mühit elə bir travmatik duruma, demək olar ki, “qanqren” vəziyyətinə gəlib çatıb ki, hal-hazırda bu mühitdə ədəbiyyat üzrə hansısa dövlət mükafatının təsis edilməsinə sevinməkdən daha çox, həmin mükafatın gerçək sahibinə necə çatacağı barədə düşünmək lazımdır.
Axı özümüzü aldatmağa nə gərək? Məgər illərdir ki, bu ədəbi, mətbu və ictimai mühitdə pərdəarxası zənglərin, xahişlərin, yarınmağa və məddahlığa xidmət edən xislətlərin, eyni zamanda “maraqlar diqtəsi”nin fonunda hansı “şahmat oyunları”nın getdiyini görmürük?
Bu günə qədər, az qism istisna olmaqla, nə təqdimatlar doğru-dürüst yazılıb, nə haqqı çatan istedadlara evlər düzgün şəkildə verilib, nə də təltiflər öz ünvanına çatıb. Çünki əksər səlahiyyət sahibləri üçün bu məsələlərdə sözdən əmələ keçəndə ana xətt SƏNƏT və ƏDALƏT amillərinin VƏHDƏTİolmayıb.
Vahid Əzizə “Xalq şairi” fəxri adının verildiyi bir səltənətdə, hansısa dövlət mükafatının taleyinin Sibirə düşəcəyinə də şübhə etməmək lazımdır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.