Bakı, 5 dekabr, AZƏRTAC
görüşdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının idarəedici direktoru, Almaniya–Azərbaycan Forumu İdarə Heyətinin sədri Urs Emil Unkauf ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsinin mahiyyəti, regionda mövcud vəziyyət və İcmanın həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat verib. O, tarixi ədalətin bərpası, qayıdış hüququnun təmin edilməsi və mədəni irsin qorunması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Urs Emil Unkauf görüşdə məsələnin Almaniyada da müzakirəyə çıxarılmasının mümkünlüyünü diqqətə çatdırıb. O bildirib ki, Almaniya–Azərbaycan Forumu çərçivəsində bu istiqamətdə əlavə yazışmalar, tədbirlər və tematik görüşlərin təşkili mümkündür. Ekspert vurğulayıb ki, Forumun fəaliyyətinə yüksəkvəzifəli şəxslər – nazir və nazir müavinləri səviyyəsində rəsmilər qoşulur və mövzular ciddi şəkildə araşdırılaraq praktiki icra mərhələlərinə keçir.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.