Son vaxtlar daşınmaz əmlak bazarında müşahidə edilən dəyişikliklər gələn ildə də qiymət artımının davam edə biləcəyini göstərir.
Maraqlıdır, növbəti ildə kirayə və satış bazarında bizi nə qədərlik artım gözləyir?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qiymət artımı növbəti ildə də davam edəcək.
Onun sözlərinə görə, sadəcə artımın dəqiq miqdarını və faizini yalnız ölkədəki iqtisadi proseslərin gedişatı müəyyən edə bilər:
"Bu gün artıq əvvəlki illərdə olduğu kimi “qiymətlər 10, 15, bəzi hallarda 20 faiz artacaq” demək çətindir. Niyə? Çünki 2026-cı il büdcəsi optimallaşdırılmış, qənaətcil büdcədir və hökumət müəyyən proseslər üçün preventiv tədbirlər görür. Bu baxımdan daşınmaz əmlak bazarında ümumi qiymət artımını proqnozlaşdırmaq mümkündür. Tikintinin maya dəyəri artacaq, sahibkarların mənfəət gözləntiləri yüksəlib. Həm manatın alıcılıq qabiliyyətində, həm də istehlak xərclərində artım proqnozları da mövcuddur.
Bundan başqa, tikinti normativlərinin mürəkkəbləşdirilməsi də qiymətə təsir göstərəcək. Eləcə də böyük infrastruktur layihələri, yeni yolların salınması, nəqliyyat əlçatanlığının artırılması, eləcə də Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin kəsişməsində planlaşdırılan iri komplekslər bu prosesə təsir edəcək. Bakı şəhərinin Baş plan 2040 çərçivəsində həyata keçirilən işlər də qiymət artımını qaçılmaz edir. Yəni ümumi olaraq qiymətlərin artacağını demək mümkündür, lakin faiz göstəricisini indidən açıqlamaq peşəkar yanaşma olmaz.
Kirayə qiymətlərinə gəlincə, gələn ildən kirayədən əldə olunan gəlir vergisi fiziki şəxslər üçün 14 faizdən 10 faizə endirilib. Azərbaycan vətəndaşlarının çoxu mənzil alıb kirayə verməklə məşğuldur və vergilərin azaldılması bu sahədə vergilərin verilməsinə təşviq olunub. Hazırda bu sahədə 80 faizdən çox yayınma var və bunun qarşısını almaq üçün inzibati tədbirlər, monitorinqlər, cərimələr tətbiq oluna bilər. Bu dəyişikliklər, təbii ki, vergi ödəməyən kirayə verənləri qiymətləri artırmağa sövq edəcək. Real sövdələşmələr nəticəsində yeni qaydaların tətbiqi zamanı kirayə qiymətlərinin 5-7 faiz civarında artması mümkündür. Bu artım isə öz növbəsində ümumi daşınmaz əmlak bazarına da təsir edəcək".

Qiymət artımının hansı bölgələrdə baş verəcəyinə gəlincə, V.Oruc qeyd edib ki, bütün Azərbaycan üzrə artım olacaq:
"Çünki daşınmaz əmlakın qiyməti bir yerdə artırsa, bu, mütləq şəkildə digər ərazilərə də təsir edir. Köhnə binalarda ciddi artım gözlənilmir, çünki həmin binaları söküntü gözləyir. Yeni binalar tikiləcək, bu da daha yüksək qiymətlər deməkdir.
İnfrastruktur yeniliklərinin həyata keçirildiyi bölgələrdə, yeni yolların çəkildiyi və Baş plana uyğun dəyişikliklərin aparıldığı ərazilərdə qiymətlər daha çox artacaq. Bu günə qədər ən çox artım Nəsimi, Yasamal, Nərimanov və Səbail rayonlarında müşahidə edilib. Düşünürəm ki, gələn il də bu tendensiya davam edəcək və mərkəzdən kənar ərazilər də prosesə qoşulacaq. Çünki vətəndaşlar artıq mərkəzdə bahalaşan qiymətlər səbəbindən mərkəzə yaxın və şəhər kənarı ərazilərə yönəlirlər.
Məsələn, Xətai rayonunun Əhmədli, Həzi Aslanov, Xalqlar Dostluğu, Neftçilər əraziləri, həmçinin Hövsan, Zabrat kimi hissələr, eləcə də Zığ, Alatava, Xırdalan, Sumqayıt istiqaməti bütün bu yerlərdə əvvəlki illə müqayisədə daha çox qiymət artımı gözlənilir".
Həmidə İbrahimova
Ölkə.Az