Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub.
Filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır. Ekran işində Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələrə etinasız yanaşılıb.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, instaqram hesabında paylaşım edərək bildirib ki, “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib.
S. Qarayeva özü də paylaşımında qeyd edib ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
“Cebheinfo.az" məsələ ilə bağlı tanınmış rejissorların fikirlərini öyrənməyə çalışıb.
Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bildirib ki, bununla bağlı ona çoxsaylı suallar gəlir:

“Amma mən filmə baxmadığım üçün bununla bağlı nəsə deyə bilmərəm”.
Kinorejissor Ayaz Salayev deyib ki, nümayiş olunmayan film haqqında fikir bildirmək düzgün deyil:

“Mən “Məhsəti” filminə baxmamışam. Ona görə də müzakirələrə əsaslanaraq fikir bildirmək mümkün deyil”.
Rejissorlar Rövşən İsax və Nicat Kazımov da qeyd ediblər ki, filmi izləmədikləri üçün onun məzmunu ilə bağlı rəy bildirmək mümkün deyil.