AZ

FAO nümayəndəsi: Gənclərin ekoloji proqramlarda fəal iştirakı ekoloji cəhətdən məsuliyyətli cəmiyyətin formalaşması üçün əsas olacaq

Bakı, 5 dekabr, Pərvana Qəfərova, AZƏRTAC

Torpaq resurslarının qorunması və gənc nəslin ekoloji layihələrə cəlb edilməsi dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.

Planetin ən mühüm təbii resurslarından biri olan torpağın qlobal əhəmiyyət daşıdığını və onun mühafizəsinin gələcək nəsillərin rifahı ilə birbaşa əlaqəli olduğunu vurğulayan FAO nümayəndəsi qeyd edib: “Torpağı qorumalıyıq ki, ondan maksimum fayda əldə edə bilək. Uşaqların və gənclərin ekoloji layihələrə cəlb olunması gələcəyimizə dayanıqlı töhfədir”.

Muhammad Nasar Hayat məlumat verib ki, Beynəlxalq Torpaq Gününə və FAO-nun yaradılmasının 80 illiyinə həsr olunmuş Balaxanıda keçiriləcək tədbir çərçivəsində ağacəkmə aksiyası keçirilir: “Bu gün FAO-nun yaradılmasının 80 illiyinin şərəfinə 80 ağac əkirik. Bu, ötən onilliklər ərzində əldə etdiklərimizi qiymətləndirmək və eyni zamanda gələcəkdə də bu missiyanı davam etdirməyə sadiqliyimizi təsdiqləmək üçün yaxşı imkandır”.

FAO nümayəndəsi vurğulayıb ki, gənclərin ekoloji proqramlarda fəal iştirakı ölkədə ekoloji məsuliyyət mədəniyyətinin möhkəmlənməsi və ekoloji cəhətdən məsuliyyətli cəmiyyətin formalaşması üçün əsas olacaq.

Seçilən
73
azertag.az

1Mənbələr