Azərbaycanın işğaldan azad olunan bölgələrində ekosistemin bərpası bu gün ən vacib məsələlərdən biridir. Qarabağ və Şərqi Zəngəzurda uzun illər davam edən işğal həm iqtisadiyyata, həm də təbiətə böyük ziyan vurub.
Bununla bağlı AZƏRTAC-a məlumat verən Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda işğal illərində təbii sərvətlərimiz qeyri-qanuni şəkildə talanıb, aparılan mədən işləri ekoloji fəlakətlərə yol açıb: “Bu iqtisadi rayonlar zəngin və rəngarəng yeraltı sərvətləri ilə ölkəmizin digər bölgələrindən fərqlənir. Burada kifayət qədər qızıl, civə, mis, polimetal, perlit, tikinti materialları və digər faydalı qazıntı ehtiyatları var. Yeraltı sərvətlərin zənginliyi erməni işbazlarının diqqətini cəlb etmiş, faydalı qazıntıların heç bir ekoloji standart və normalara uyğun olmayan üsullarla istismarı yalnız gəlir əldə etmək məqsədilə həyata keçirilmişdir”.
Alimin sözlərinə görə, işğal dövründə “Söyüdlü” yatağının qeyri-qanuni istismarı nəticəsində subalp çəmənliklərindən ibarət zəngin bioloji müxtəlifliyə malik 800 hektardan çox dağ-çəmən ekosistemləri tamamilə məhv edilib. Buradakı filizin təmizlənməsi zamanı istifadə olunan vəhşi üsullar nəticəsində yaranan süxur tullantıları şirin su ehtiyatlarının, çayların və bulaqların çirklənməsinə, terrikon təpələrinin yandırılmasına səbəb olub. Güclü yağışlar zamanı terrikon təpələrdə süxurun tərkibindəki ağır metallar və zərərli kimyəvi elementlər səth sularının təsiri ilə miqrasiyaya məruz qalıb və ətraf ekosistemlərdə bitki örtüyü və torpaq mikroorqanizmlərini məhv edərək səhralaşmaya şərait yaradıb.