AZ

Rusiya-Hindistan danışıqlarının PƏRDƏARXASI – Azərbaycanla bağlı…

Xəbər verdiyimiz kimi, bu gün Hindistanın paytaxtı Nyu-Dehlidə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında danışıqlar aparılıb. Görüşün əvvəlində Vladimir Putin Moskva ilə Nyu-Dehli arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını vurğulayıb, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığı qeyd edib. O, hindistanlı həmkarına dəvətə və əvvəlki gün baş tutmuş “çox səmimi axşam” və “məzmunlu, faydalı söhbət” üçün təşəkkür edib. Narendra Modi isə cavab olaraq bildirib: “Bu görüş mənim üçün də xüsusi əhəmiyyət daşıyır, çünki biz sizinlə artıq 25 ildir tanışıq”.

Bu görüşdən sonra ortaya bir neçə sual çıxır: Putin–Modi görüşündən əsas gözləntilər nələrdir? Bu görüşün nəticələri Ukrayna münaqişəsi fonunda Hindistanın tutduğu mövqedə dəyişiklik yarada bilərmi? Rusiya–Hindistan yaxınlaşması Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinə necə təsir edir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Rusiyanın Ukraynaya işğalçılıq yürüşü başlayandan sonra Putin diplomatik blokadaya alınmışdı, hətta onun haqqında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı var: “Bu baxımdan Kreml rəhbərinin istənilən ölkəyə, xüsusilə Hindistan kimi həm nüvə dövlətinə səfəri diqqətçəkəndir. Moskva Dehli ilə əsasən hərbi-texniki və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları keçmiş illərdə olduğu kimi ərəb ölkələrinə üz tutdular. Ancaq Hindistan (Dehli) Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina etmək istəmir. Rusiya Hindistanla hərbi sahədə də əməkdaşlığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Eyni zamanda Hindistan üçün müdafiə təchizatının etibarlılığı məsələsi daha da aktuallaşıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi-kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib.”

Şərhçinin sözlərinə görə, Moskva–Dehli münasibətlərində Pekin faktoru da diqqət çəkir. Çin isə Qərbin sanksiyaları fonunda Moskvanın əsas siyasi və iqtisadi dayağına çevrilib: “Belə şəraitdə Rusiya–Çin–Hindistan üçbucağı Qərbə qarşı alternativ güc mərkəzi kimi təqdim olunur. Çin Hindistanın əsas rəqibidir və onun qazancı Hindistanın itkisidir. Hindistan və Rusiyanın onilliklər ərzində yaxın dostluq münasibətləri var, ona görə də Rusiya zəifləyəndə Hindistan əziyyət çəkir. Hindistan Rusiya silahlarının əsas alıcılarından biridir və indi onların çox da güclü olmadığı ortaya çıxıb. Çin kimi Hindistan da ucuz rus neftindən və digər xammaldan faydalanır, lakin eyni dərəcədə deyil. Bundan əlavə, Hindistan Qərblə münasibətlərdə daha ehtiyatlı davranır, Çin şirkətləri kimi sanksiyaları pozmaq istəmir. Bu səbəbdən Hindistanın Moskva ilə yaxınlığını qorusa da, balans siyasəti yürütməsi vacibdir”.

Asif Şəkərli qeyd edib ki, buna görə də, Rusiya–Hindistan–Çin əməkdaşlığı hələ ki, simvolik xarakter daşıyır. Onların Qərbə qarşı vahid cəbhə kimi çıxış etməsi qısa müddətdə real görünmür: “Bununla belə, hər üç ölkənin maraqlarının müəyyən məqamda üst-üstə düşməsi, xüsusilə də Qərbin təzyiqlərinə qarşı koordinasiyalı addımlar atması mümkündür. Lakin bu koordinasiya daha çox situativ xarakter daşıyır və uzunmüddətli strateji ittifaq kimi qiymətləndirilməsi çətindir”.

Siyasi şərhçi onu da vurğulayıb ki, Rusiya–Hindistan yaxınlaşmasının Azərbaycana ciddi təsiri yoxdur və olmayacaq. Azərbaycanın Hindistanla gərginliyinin əsas səbəbi Dehlinin Ermənistana silah satmasıdır, bu isə tamamilə ayrıca mövzudur: “Bu proses nə Şərq–Qərb, nə də Şimal–Cənub dəhlizlərinə mənfi təsir göstərmir. Əksinə, Azərbaycanın tranzit rolu dəyişmir və zəifləmə riski yoxdur. Rusiya–Hindistan hərbi əməkdaşlığı da Qafqaza yönəlmir və regionda balansı ciddi dəyişmir. Putin–Modi görüşü Azərbaycanın geopolitik mövqeyinə təhdid yaratmır. Bakı üçün yeganə problem Hindistan–Ermənistan silah xəttidir. Ümumilikdə isə bu dinamika Azərbaycan üçün həm balansı qorumaq, həm də diplomatik manevr imkanlarını genişləndirmək baxımından neytral, hətta müəyyən dərəcədə əlverişlidir”.

Seçilən
155
nocomment.az

1Mənbələr