"Son illərdə insanların üzərinə düşən psixoloji yüklərin çoxalması, iqtisadi çətinliklər, iş stresi, gündəlik tələskənlik, informasiya bolluğu və sosial mediada davamlı müqayisə insanlarda emosional həssaslığı artırır. Emosional yüklənmə artdıqca aqressiya və səbrsizlik də daha tez ortaya çıxır".
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, insanlar son illərdə sosial mediadan daha çox istifadə etməyə başlayıb.
"Sosial media istifadəçisi başqalarının həyatını görüb özünü müqayisə etməyə başlayır, neqativ xəbərlərlə daha çox qarşılaşır. Bu da həm psixoloji gərginliyi, həm də aqressiv reaksiyaların intensivliyini artırır.
Aqressiyanın bir hissəsi ailədaxili ünsiyyətə əsaslanır"., - deyə mütəxəssis bildirib.
Onun fikrincə, ailədə yüksək ton, sərt münasibət, qaydaların qeyri-müəyyənliyi, emosional dəstəyin azlığı həm uşaqların həm də böyüklərin davranışına təsir edir:
"Evdə gərginlik varsa, bu gərginlik cəmiyyətə də ötürülür. Emosiyaları düzgün ifadə etməyi bacarmayan insanlar narahatlığını, qorxusunu, yorğunluğunu tanımadıqda onu aqressiya şəklində ifadə etməyə başlayır. Yəni aqressiya çox zaman dərin emosional yorğunluğun nəticəsidir".
Bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Ekspert deyir ki, insan duyğularını tanımağı, adlandırmağı və idarə etməyi öyrənməlidir:
"Ailədə sakit ünsiyyət modelləri yaratmalıdır. Danışmaq, dinləmək, öz fikrini sakit demək uşaqlar üçün də nümunə olur. Sosial media istifadəsini tənzimləməlidir.
Həddindən artıq ekran vaxtı beyni yorur və aqressiv reaksiyaları artırır. Stresi idarəetmək üçün vərdişlər və məşqlərdən istifadə vacibdir.
Nəfəs texnikaları, qısa fasilələr, vaxtını düzgün bölmək insanın səbrini artırır. Cəmiyyət daxilində empati qabiliyyətini gücləndirməlidir".
Əbdül Səlimli vurğulayıb ki, insan başqasının vəziyyətini anlamağı öyrəndikcə daha az aqressiv olur:
"Aqressiya və səbirsizlik təkcə fərdin problemi deyil, cəmiyyətin psixoloji vəziyyətinin göstəricisidir. Sağlam ünsiyyət, emosional savad və psixoloji dəstək imkanlarının artırılması bu problemi ciddi şəkildə azalda bilər".
Ziya SƏCCAD