Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 5 dekabr 2025-ci il tarixində Unus kəndində vətəndaşlarla görüş keçirib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ həllinə nail olmaq məqsədilə keçirilən qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbulda çıxış edən İcra başçısı “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən işlər barədə məlumat verib. Bildirilib ki, şəhər və kənd ərazilərində meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsi, mədən sənayesinin inkişafı üçün geoloji işlərin aparılması, sahibkarlığın inkişafı və məşğulluq imkanlarının artırılması məqsədilə mühüm addımlar atılır, şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması işləri davam etdirilir. Eyni zamanda, tarixi-mədəni irsimizin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binasında əsaslı təmir işləri, “Sərşəhər məscidi” və “Mədrəsə” binasının bərpa edilməsi üçün də müvafiq işlər aparılır. Rəcəb Rəhimli, Zəngəzur dəhlizinin açılması məsələsinə toxunaraq, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində başlanılan tikinti işlərindən bəhs edib.
Daha sonra məşğulluq, elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması, su infrastrukturunun təkmilləşdirilməsi, kənd təsərrüfatı subsidiyalarının verilməsi və digər məsələlərlə bağlı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, həlli müəyyən vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.











